Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərini araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək

Tarix: 07.05.2021


Ermənilərin müharibə cinayətlərinin araşdırılması məqsədilə Türkiyədə beynəlxalq komissiyasının təsis edilməsi mühüm əhəmiyyət daşıyır. Komissiyasının missiyası ermənilərin Azərbaycana qarşı törətdiyi bütün cinayətləri mərhələli şəkildə təhlil edərək, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç ifadə edib.

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasından sonra qarşıda duran mühüm vəzifələrdən birinin təcavüzkar tərəfin törətdiyi çoxistiqamətli cinayətlərin araşdırılması olduğunu diqqətə çatdıran səfir deyib ki, komissiyadakı qruplar 1991-1994-cü illərdə, 1994-cü ildən 2020-ci il sentyabrın 26-dək və 44 günlük müharibə dövründə ermənilər tərəfindən törədilən cinayətləri ayrı-ayrılıqda təhlil edəcəklər.

Özünün də təmsil olunduğu komissiyanın tərkibində təcrübəli mütəxəssislərin yer aldığını bildirən səfir yeni qurumun qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.