“Sinxua” agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə təxminən 100 ölkənin 208 media qurumundan, müvafiq dövlət orqanlarından 500-dən çox nümayəndə, o cümlədən beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, BMT də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edir.
Süni intellekt və medianın transformasiyası” devizi altında keçirilən Sammitin açılış mərasimində çıxış edən Sincan Uyğur Muxtar Rayonu partiya komitəsinin sədri Ma Sinruy, “Sinxua” agentliyinin prezidenti Fu Hua, Sincan Uyğur Muxtar Rayonu hökumətinin rəhbəri Erkin Tuniyaz, xarici media qurumlarının rəhbərləri hazırda süni intellekt də daxil olmaqla qabaqcıl texnologiyaların xəbərlərin toplanması, istehsalı və yayılmasını əhatə edən media sənayesinin müxtəlif sahələrinə təsir etdiyini bildiriblər, süni intellekt texnologiyasının yaratdığı problemlərin həlli və media sənayesini gücləndirmək üçün qabaqcıl innovasiyalardan istifadənin qlobal media qurumları üçün əsas problemə çevrildiyini vurğulayıblar.
Qeyd olunub ki, dünya siyasi, iqtisadi, sosial, texnoloji, ekoloji sahələrdə həm müsbət, həm də mənfi istiqamətdə əhəmiyyətli dəyişikliklərlə üzləşir. Bu dəyişikliklər mediaya təsirsiz ötüşmür. Ona görə də media qurumları, jurnalistlər çağırışlara cavab vermək, yeniliklərə uyğunlaşmaq üçün yeni yollar axtarmalı, yeni yanaşmalar, üsullar tətbiq etməlidir.
Sammitin plenar iclasında çıxış edən İdarə Heyətinin sədri Vüqar Əliyev dünyada baş verən dəyişikliklər fonunda medianın qarşılaşdığı çətinliklərin, çağırışların müxtəlif ölkələrdən olan ekspertlərin, səlahiyyətli şəxslərin birgə müzakirə aparması üçün Dünya Media Sammitinin əlverişli platforma olduğunu bildirib. V.Əliyev iqlim dəyişmələri və onunla mübarizədən, ictimaiyyətin bu sahədə məlumatlandırılmasında medianın oynadığı roldan söz açıb.
Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verən İdarə Heyətinin sədri bildirib ki, ətraf mühitin mühafizəsi sahəsində dünyada ən böyük tədbiri işıqlandırmaq üçün 1000-dən çox jurnalist qeydiyyatdan keçib. V.Əliyev qədim tarixin, ortaq mədəni dəyərlərin, iqtisadi əməkdaşlığın birləşdirdiyi “Kəmər və yol” ölkələrinin media qurumlarının iqlim dəyişmələri ilə mübarizə məsələlərinin müzakirə edildiyi və qərarların qəbul olunduğu COP29 kimi qlobal əhəmiyyətli tədbiri işıqlandırmaq üçün sıx əməkdaşlığının vacibliyini vurğulayıb. O, dezinformasiyaların qarşısını almaq üçün jurnalistlərin iqlim prosesləri barədə məlumatlılığının artırılmasının əhəmiyyətindən də bəhs edib.
Qeyd edək ki, Dünya Media Sammiti 2009-cu ildə “Sinxua”, “Associated Press”, “Reuters”, “Kyoda” və TASS İnformasiya Agentliyi daxil olmaqla aparıcı media qurumlarının birgə təşkilatçılığı ilə təsis edilib və elə ilk Sammit də Çində, Pekində keçirilib. Ardınca Moskva və Dohada sammitlər təşkil olunub. Pandemiyanın səngiməsindən sonra digər beynəlxalq tədbirlər kimi Dünya Media Sammitinin işi də bərpa olunub. Ötən il Çinin Quancou şəhərində 5-ci Sammit keçirilib.