İlham Əliyev- siyasi varisliyin davamçısı, qələbəmizin təminatçısıdır

Tarix: 15.10.2021


Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının başlanğıcı idi. Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"- ifadəsinə Azərbaycan xalqı sadiq qalaraq 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verərək Heydər Əliyevin siyasi kursuna sadiqliyini birdaha nümayiş etdirdi. Bununlada Azərbaycan xalqı yeni inkişaf mərhələsinə qədəm qoydu.
İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi uğurlu və məqəsdyönlü inkişaf siyasəti, respublikamızın yüksəlişi xalqımızı sürətlə qələbəyə yaxınlaşdırdı. Aparılan siyasətin hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi və bötövlüyün qorunması üçün tarixi şəraitin formalaşmasını təmin etdi. Müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri də sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğudur. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına ,ordumuzu ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz etməyə imkan verdi. Silahlı Qüvvələrin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesi bizi qələbəyə dahada yaxınlaşdırdı.
Azərbaycan xalqının birliyi ordunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının hüquqi baxımdan təsdiqidir. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə verdiyi 30-dan çox müsahibədə Azərbaycanın diplomatik və təbliğati üstünlüyünü təmin etdi, düşmənə informasiya sferasında ciddi zərbələr vuruldu. Azərbaycan cəmi 44 gün ərzində Birləmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Qələbə qazanmış bir xalq olaraq tezliklə Qarabağa doğma torpaqlarımıza qayıdış haqqında düşünürük. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar yenidən qurulacaq, 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Azərbaycan dövləti onların layiqli həyatını təmin edəcək. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə heç bir mənfi təsir göstərməyib.
İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. Bu fondun yaradılması həsrətlə gözlədiyimiz torpaqlara qayıdışın tezliklə reallaşaçağını səciyyələndirirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə günlərində xalqımız birlik rəmzi olan “dəmir yumruq” kimi birləşib düşməni necə məhv etmişdisə, indi bu yumruq dünyanın harasında olmasından, yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlıları Qarabağın dirçəldilməsi ətrafında yenidən birləşdirir.
Beləliklə, “Dəmir yumruq” –Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi.Bu parad dosta qürur, düşmənə göz dağı oldu. Bu müharibə dövründə əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyənin hər dəfə Azərbaycanın yanında olması bütün dünyaya xüsusi mesaj oldu.
İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev bütün dünya Azərbaycanlılarının zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
Rahil Şükürov, YAP üzvü