İnanıram ki, məni 3 dəfə Bələdiyyə seçkilərində qalib edən Binəqədi seçiciləri parlament seçkilərində də qalib edəcəklər

Tarix: 05.02.2020

YAP-ın deputatlığa namizədi Kubra Əliyarlı müsahibə verdi

Müsahibimiz Yeni Azərbaycan Partiyasının 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizədi Kubra Əliyarlıdır

Özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

Mən 1987-ci il dekabr ayının 1-də Naxçıvan MR-nın Culfa rayonunda anadan olmuşam. 2005-ci ildə Binəqədi rayonu 283 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinfini əla qiymətlərlə bitirmişəm. 2010-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomla bitirmişəm. 2005-2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil almışam. Hazırda Sosial iş ixtisası üzrə magistr təhsili alıram. 2006-2010-cu illərdə “Səs” qəzetində, 2008-2010-cu illərdə “Səs” İnformasiyasa Agentliyində jurnalist kimi çalışmışam. Artıq 20 ildən çoxdur ki, Binəqədi rayonunda yaşayıram, 10 ildən artıqdır ki, Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirəm. 18 yaşından Yeni Azərbaycan Partiyasının üzvüyəm. YAP Binəqədi rayon təşkilatında aparatın baş məsləhətçisiyəm. 2010-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək təşkilatın Gənclər Birliyinin sədr müavini, 2018-ci ilin fevral ayından 2019-cu ilin mart ayınadək Gənclər Birliyinin “KİV-lə və sosial media ilə əlaqələrin qurulması” komissiyasının sədri olmuşam. Hazırda Gənclər Birliyinin Şura və Qadınlar Şurasının üzvüyəm. Məhz deputatlığa namizədliyimin irəli sürüldüyü dairədən III, IV və V çağırış Bələdiyyə seçkilərində yüksək səs çoxluğu ilə qalib gəlmişəm. 2010-2015-ci illərdə Binəqədi Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri daimi Komissiyasının sədr müavini, 2015-2020-ci illərdə Binəqədi Bələdiyyəsinin Mətbuat, İnformasiya, Gənclərlə İş üzrə Komissiyası və Hüquq Komissiyasında sədr müavini vəzifəsində çalışmışam. Artıq 10 ildən çoxdur ki, Binəqədi Bələdiyyəsinin  üzvü, hazırda komissiya sədriyəm. “Davamlı” İqtisadi və Sosial Maarifləndirmə ictimai birliyinin təsisçici və sədriyəm. Bu birlik vasitəsilə də vətəndaş cəmiyyətimizin inkişafına xidmət etmək, çoxsaylı maarifləndirici layihələr keçirmək fikrindəm. İki kitabın, yüzlərlə siyasi məqalənin, hekayələrin müəllifiyəm.

 

Kubra xanım, niyə deputat olmaq istəyirsiniz?

– Bu, təkcə mənim qərarım deyil. Eyni zamanda sıralarında uzun illərdir təmsil olunduğum Yeni Azərbaycan Partiyasının qərarıdır. Sözsüz ki, 750 minə yaxın üzvü olan, ölkə Prezidenti cənab İlham Əliyevin sədrlik etdiyi, Cənubi Qafqazın ən böyük siyasi partiyasının deputatlığa namizədi olmaq mənim üçün fəxr, yüksək etimad və üzərimə qoyulan böyük məsluyyətdir. Bu etimadı hər zaman doğrultmağa hazıram. Düşünürəm ki, ictimai-siyasi proseslərdəki fəal iştirakım, seçki təcrübəmin olması, dəfələrlə seçkilərdə qalib gələn bələdiyyə üzvü kimi Binəqədi rayonunda seçicilərlə mütəmadi sıx ünsiyyətim, onlarla müxtəlif məsələlərlə bağlı davamlı fikir mübadilələri aparmağım, onların dəstəyini hiss etməyim məni bu işə daha da ruhlandırır. İnanıram və ümid edirəm ki, əvvəlki bələdiyyə seçkilərində oduğu kimi 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə seçicilərin yenidən etimadını və inamını qazanaraq onları ali səviyyədə təmsil etmək qürurunu yaşayacam.

 

Kimlər deputatlığa namizəd ola bilər? 

– Qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərdə 18 yaşına çatmış hər bir vətəndaşımız deputatlığa namizəd ola bilər. Mənim fikrimcə, deputatlığa namizəd hərtərəfli olmalıdır. Vicdanlı, vətənpərvər, dövlətinə və xalqına bağlı, savadlı, bilikli, dünyagörüşünə malik, intellektual səviyyəli, təcrübəli, siyasi yetkin, vətəndaşlarla işləməyi bacaran, səbrli, natiq, bir sözlə bu siyahını xeyli uzatmaq olar. Ölkəsini və millətini layiqincə təmsil etmək, onun haqq səsini ucaltmaq iqtidarında və əzmində olmalıdır. Bu, yüksək məsuliyyətdir. Seçki prosesinə bu məsuliyyəti dərk edənlər qoşulmalıdır. Çünki burda xalqa xidmətdən söhbət gedirsə hər kəs üzərinə düşəni ən layiqli şəkildə və yorulmadan yerinə yetirməlidir.

 

Necə olur ki, bəzi insanlar birdən dahiyə çevrilirlər?

Bir qrup insan təəssüflər olsun ki, savadının, təcrübəsinin, qabiliyyətinin tam əksinə olaraq daha böyük iddialara qalxır. Sizin sözünüzlə desək özünü haqsız olaraq “dahi” sayır, belə adlandırır. Lakin xalqımız da, seçicilərimiz də hər kəsi çox yaxşı tanıyır, görür və qiymətləndirməyi bacarır. İnsan nədirsə odur. O bütün göstəriciləri ilə özünü nümayiş etdirir. Sadəcə ya özü özünü tanımır, ya da tanımaq istəmir. Ancaq düşünürəm ki, gərək insan təmkinli olsun, xüsusilə siyasi və seçki məsələlərində aydın düşünsün, imkanlarını təhlil etsin, öz potensialına uyğun hərəkətlər etsin. İddia da insanın bacarıqları ilə ayaqlaşmalıdır. Yox əgər ayaqlaşmırsa bu təbii ki, ilk növbədə həmin insanın özünün əleyhinədir və bu halda o fayda görə bilməz. Mən öz növbəmdə Milli Məclisə seçkilərdə qeydə alınmış bütün layiqli namizədlərə uğurlar arzu edirəm


Millixəbər İnformasiya Portalı