İordaniya agentliyi ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə yayıb

Tarix: 07.05.2021


İordaniyanın “Nayrouz” informasiya agentliyi ulu öndər Heydər Əliyev haqqında “Azərbaycana həsr edilmiş ömür” sərlövhəli məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyasından, xalqı qarşısında misilsiz xidmətlərindən bəhs olunur. Yazıda Ulu Öndərin ötən əsrin 90-cı illərində xaosa sürüklənmiş və parçalanma təhlükəsi ilə qarşılaşmış Azərbaycanı qısa zamanda güclü iqtisadiyyatı, qüdrətli ordusu və beynəlxalq nüfuzu olan ölkəyə çevirdiyi vurğulanır. İordaniyalı oxucuların diqqətinə çatdırılır ki, 8 ölkənin və 41 şirkətin iştirakı ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft ehtiyatlarının istismarı və dünya bazarına çıxarılması istiqamətində atılmış müdrik addım idi. Məhz bu müqavilə sayəsində Azərbaycan xalqının rifahı getdikcə yaxşılaşıb.

Məqalənin sonunda qeyd olunur ki, Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasına çıxardı, yeni transmilli enerji və nəqliyyat layihələri həyata keçirdi. “Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının və Azərbaycanı sevənlərin qəlbində yaşayır. Bu gün hər bir azərbaycanlı onun müdrik siyasətinin bəhrəsini öz həyatında hiss edir, insanlar rifah və əmin-amanlıq şəraitində yaşayırlar. Dahi Liderin siyasi kursu Azərbaycanın işıqlı gələcəyinin təminatıdır”, - deyə məqalədə vurğulanır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə