İqbal Məmmədov: Əldə olunan nailiyyətlər ölkədə aparılan uğurlu islahatların nəticəsidir

Tarix: 16.04.2022

Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlətimizin başçısı seçilməsindən 4 il ötür. Bu müddətdə ölkəmiz çox böyük uğurlara imza atıb, beynəlxalq arenada Azərbaycanın nüfuzu xeyli yüksəlib.

Həyat göstərdi ki, Prezidentimizin xalq qarşısında verdiyi vədlər seçici rəğbətini qazanmaq naminə deyil, ölkənin həyatında sözün həqiqi mənasında yeni mərhələnin başlanması kimi möhtəşəm proqramı həyata keçirmək niyyətlərindən irəli gəlir. Xalqımız İlham Əliyevin simasında özünün yeni Liderini tanıdı və onun nümunəsində Heydər Əliyevin vəsiyyətlərinin etibarlı təminatçısı olduğunu gördü.

Dövlətimizin başçısı Azərbaycan xalqına Zəfər sevinci yaşatdı. Döyüş meydanındakı möhtəşəm qələbəmiz dövlət müstəqilliyimizin bərpası və müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsindəki qələbəmiz dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.

Aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədən də danışan İ.Məmmədov dövlətimizin başçısının iclasda postmüharibə dövrünün hesabatını verdiyini diqqətə çatdırıb. “Prezident İlham Əliyev müşavirədə həm daxili, həm də xarici siyasətlə bağlı çox mühüm məqamlara toxundu. Həyatın bütün sahələrində əldə olunan uğurları qeyd edən dövlətimizin başçısı müharibədən dərhal sonra ölkəmizin bütün başqa işlərlə bərabər, hərbi sahəyə də böyük diqqət ayırdığını vurğuladı. Müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük müqavilələr imzalanıb və onların icrası həyata keçirilir. Müdafiə Nazirliyində aparılmış struktur islahatları ordumuzun daha da güclənməsinə və müasirləşməsinə imkan verəcək. Orduda yeni qoşun – Komando növünün yaradılması çox mühüm hadisədir. Həmçinin İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş xüsusi təyinatlı qüvvələrin şəxsi heyətinin sayının artırılması da diqqət çəkir”.

Deputatın sözlərinə görə, iqtisadi sahədə əldə olunan uğurlar ölkədə aparılan uğurlu islahatların nəticəsidir. Korrupsiya ilə ciddi mübarizə, bürokratik əngəllərin aradan qaldırılması, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi artıq öz bəhrəsini verməkdədir: “Birinci rübdə ümumi daxili məhsulda 6,8 faiz artım qeyd olunur ki, bu da postpandemiya dövründə çox böyük nailiyyətdir. Sənaye istehsalı sahəsində artım 4 faiz, qeyri-neft sənaye istehsalında isə artım 18 faizdən artıqdır. Qeyri-neft sahəsində artım isə 10 faizdən çoxdur. Xarici ticarət dövriyyəsinin 60 faizdən çox artması çox müsbət haldır. Ölkəmizin xarici ticarət saldosu cəmi üç ayda 5, 1 milyard dollar təşkil edir. Dünyanın əksər ölkələrində isə saldo mənfidir. Keçən ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil etdiyi halda, hazırda bu rəqəm cəmi 12,5 faiz təşkil edir”.

İ.Məmmədov vurğulayıb ki, bütün bu nailiyyətləri Azərbaycan öz zəhməti hesabına əldə edib və heç bir ölkədən dəstək almayıb. Ölkəmiz azad edilmiş torpaqları da öz gücünə bərpa edir. Qarabağda və Şərqi Zəngəzurda infrastruktur yenidən qurulur, nəqliyyat-kommunikasiya xətləri çəkilir. Təqdirəlayiq haldır ki, tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq.

“Prezident İlham Əliyev müşavirədəki çıxışında işğaldan azad edilmiş ərazilərin potensialını qeyd edərək bildirdi ki, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının, Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payının 30 faizə çatdırılmasının, “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində ötən il azad edilmiş torpaqlarımızda 9 elektrik yarımstansiyası inşa edilib. Bu, böyük nailiyyətdir”, - deyə İqbal Məmmədov diqqətə çatdırıb.

Müşavirədə Prezident İlham Əliyevin ikili standartlardan da danışdığını qeyd edən deputat bildirib ki, dövlətimizin başçısı haqlı olaraq beynəlxalq təşkilatları, fondları ədalətsizlikdə günahlandırdı. Müharibədən ilyarım keçməsinə baxmayaraq, Ermənistan ölkəmizə külli miqdarda ziyan vurduğu halda Azərbaycana heç bir yardım göstərilməyib. Ölkəmiz yerlə-yeksan edilmiş 20 faiz torpaqlarını öz gücünə bərpa edir.