İrəvan Dövlət Azərbaycan Dram Teatrından “Heydər Əliyev İli”nə töhfə

Tarix: 23.05.2023

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Heydər Əliyev İli”nə töhfə olaraq “Heydər Əliyev zirvəsi” layihəsi ilə respublika miqyaslı qastrol səfərinə yollanıb. Səfər Mədəniyyət Nazirliyinin dəstəyi, Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə həyata keçirilir. Qocaman sənət ocağı səfərə şair-dramaturq İftixarın “Nurlu ömrün anları” mənzum tamaşasının nümayişi ilə mayın 22-də Oğuz rayonundan start verib.

Bu barədə  C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev məlumat verib.

Onun sözlərinə görə, qastrol səfərinin iki mərhələdə həyata keçirilməsi planlaşdırılmışdır. Səfərin birinci mərhələsi Şəki, Bərdə, Ağdaş, İsmayıllı, Kürdəmir, Sumqayıt Regional idarələrinə daxil olan Oğuz, Şəki, Zaqatala, Qax, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdaş, Göyçay, Ucar, Zərdab, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Abşeron rayonlarını və Sumqayıt şəhərini əhatə edir. İkinci mərhələ isə digər Regional Mədəniyyət idarələrinə daxil olan rayonlarda davam etdiriləcək: “Məqsədimiz “Heydər Əliyev İli” münasibətilə Ümummilli Liderimizin milli məfkurəmizə verdiyi sağlam ideologiyanın böyük uğurlarının təbliğini həyata keçirmək, bu kontekstdə vətənpərvərlik ruhunun geniş vüsət almasına rəvac verməkdən, eyni zamanda, ümumrespublika miqyasında “Heydər Əliyev zirvəsi”nə xalq məhəbbətinin bir daha canlı seyricisinə çevrilməkdən ibarətdir. Tamaşada Heydər Əliyevin fenomenal cəhətləri bədii ifadə vasitəsi ilə canlı şəkildə tərənnüm olunur. Ulu Öndərin həm insan, həm dövlət xadimi, siyasi fenomen, Ümummilli Liderlik qüdrəti, həm də xalqına, vətəninə, vətəndaşına, dövlətinə olan əvəzsiz sevgisi, məhəbbəti poeziyanın və teatr sənətinin ecazkar qüvvəsi ilə canlandırılır”.

İftixar Piriyev bildirib ki, tamaşa elə ilk gündən uğurla qarşılanıb: “Məhəbbətlə qarşılanan ilk tamaşamızın nümayişindən etibarən vətəndaşlarımızın Ulu Öndərə olan sönməz sevgisinin seyriciləri olaraq gözəl anlar yaşadıq. Tamaşamızda böyük Öndərimizin ömrünün ən parlaq anlarının təcəssümünü sürəkli alqışlarla qarşılayan tamaşaçılarımızla “Heydər Xalq – Xalq Heydər” tandeminin əyani nümunəsi çox canlı idi. Bu mənzərə qürur hisslərimizin ehtirasına güc qatırdı. Biz bunu belə də gözləyirdik. Belə gözəl anları yaşayarkən düşünürsən ki, “xoşbəxt xalq” hikməti bizə nəsibdir və belə zəngin mənəvi dünyası olan xalqı heç vaxt öz əqidəsindən, amalından, öz yolundan saptırmaq mümkün deyildir. Tamaşamızda bu gerçəklik faktlarla öz əksini tapır və tamaşaçı münasibəti də deyilənləri bütün mükəmməlliyi ilə sübut edir”.

Qeyd edək ki, Azərbaycan teatr sənətinin 150 illiyinin qeyd olunduğu bu ildə 140 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı hər zaman olduğu kimi yenə də öz sənət töhfələri ilə tamaşaçılar qarşısında çıxış edir.


https://azertag.az/xeber/Irevan_Dovlet_Azerbaycan_Dram_Teatrindan_Heyder_Aliyev_Iline_tohfe-2627990