İstanbuldakı sərgidə ölkəmiz “Qarabağ Azərbaycandır” stendi ilə təmsil olunur

Tarix: 19.11.2020


Noyabrın 18-də İstanbulda “MUSİAD Expo 2020” sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı nümayiş edilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunur. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn edilib.

Azərbaycan indiyədək müxtəlif ölkələrdə təşkil edilmiş beynəlxalq sərgilərdə iştirak etsə də, ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə dost və qardaş Türkiyədə keçirilən beynəlxalq sərgidə təmsil olunur.

“Qarabağ Azərbaycandır” stendində işğaldan azad edilən rayonlarımızın mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar nümayiş etdirilir, ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilir. Ümumilikdə Azərbaycanın stendində əsasən sənaye sahəsində mədən, tikinti, elektrik, nəqliyyat və rabitə kommunikasiyaları, avtomobil sənayesi, əczaçılıq sektorları, sənaye parkları və onların rezidentləri olmaqla 20-yə yaxın şirkətə məxsus məhsullar barədə məlumatlar verilir, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayı və sair nümayiş edilir.

Ölkəmizin sərgidə builki iştirakının məqsədi Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir. Azərbaycanın qələbə şüarı olan “Qarabağ Azərbaycandır” stendi sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisi Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MUSİAD) təşkilatçılığı ilə keçirilir. Noyabrın 21-dək davam edəcək sərgidə 80-dən çox ölkədən olan şirkətlərin məhsulları nümayiş edilir. Sərgi çərçivəsində bir sıra tədbirlərin, o cümlədən beynəlxalq biznes-forumun, iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul