Kamaləddin Qafarov: “Ölkə Prezidenti Avropaya Ağdamdan səsləndi”

Tarix: 03.06.2021


“28 May Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. 1918-ci ildə, məhz bu tarixdə Azərbaycan Şərqdə ilk demokratik dövlətin yaradılmasını bəyan edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Respublika Gününü işğaldan azad edilmiş Ağdam şəhərində qeyd etməsi də böyük rəmzi məna daşıyır. Bununla dövlətimizin başçısı Azərbaycanın güclü və sözün əsl mənasında müstəqil bir dövlət olması barədə dünyaya yeni bir mesaj göndərmiş oldu. Eyni zamanda da bu səfər Azərbaycan xalqının öz tarixi torpaqlarına artıq əbədi qayıdışının daha bir göstəricisidir”.

1news.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili qeyd edib ki, ölkəmizdə gedən mütərəqqi proseslərin, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin fonunda Ermənistanın hələ də Azərbaycana qarşı revanşist planlardan əl çəkməməsi həm təəssüf, həm də eyni zamanda gülüş doğuran bir haldır:

“Azərbaycan artıq uzun illərdir ki, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən və bütün sahələri əhatə edən davamlı islahatlar öz nəticələrini verməkdədir. Azərbaycanın iqtisadi qüdrəti gün-gündən artır, ölkənin beynəlxalq nüfuzu durmadan yüksəlir, insanlarımızın rifah səviyyəsi getdikcə yaxşılaşır. Hətta torpaqlarımızın işğal altında olduğu illərdə də bütün bu göstəricilər üzrə sürətli artım tendensiyası müşahidə olunmaqda idi.