Kamaləddin Qafarovun səhiyyə sahəsində çalışan seçicilərlə görüşü keçirildi

Tarix: 30.01.2020

9 fevral tarixində ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə irəli sürülmüş Kamaləddin Qafarovun səhiyyə işçiləri ilə görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlara, qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasına nəzər saldı. Qeyd etdi ki, son 16 ildə ölkəmizdə bütün dünya miqyasında nümunəvi sayılan və mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. R.Göyüşov seçkilər demokratiyanın atributlarından biri olduğunu bildirərək, hər bir vətəndaşın seçki hüququndan istifadə etməli olduğunu qeyd etdi. Daha sonra R.Göyüşov deputatlığa namizəd Kamaləddin Qafarovun Milli Məclisdəki fəaliyyətinə nəzər saldı. Onun gördüyü işlərdən və fəaliyyətindən bəhs edərək, seçiciləri fəal iştirak etməyə, layiqli namizədə səs verməyə səslədi.
Görüşdə çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf yolunda inamla irəlilədiyini bildirərək, Azərbaycanın güclü, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun siyasi islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib:"Azərbaycan öz daxili siyasətində insan amilinə prioritet istiqamət verməklə həm iqtisadi, həm sosial, həm də siyasi proseslərdə önəmli mövqe qazanıb. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah və firavan yaşaması təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarda ilk olaraq məhz insanları düşünür. Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir".
Kamaləddin Qafarov son illər dövlət başçısının səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olduğunu bildirdi. Diqqətə çatdırdı ki, insanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalini sağlamlığını təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından, son illərdə ölkə büdcəsindən səhiyyə ayrılan xərclər də artıb:"Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Bu, xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır".
O, çıxışının sonuda rayon səhiyyə işçilərini YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, seçicilərin etimadını qazanaraq, millət vəkili seçiləcəyi təqdirdə, onların etimadı doğruldacağını bildirdi.
Görüşdə çıxış edən seçicilərdən Hikmət Butayev, İsa Cahanov, Məlahət İbrahimova və başqaları Azərbaycanı daha da gücləndirmək naminə fevralın 9-da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə - Kamaləddin Qafarova səs verəcəklərini və bütün səhiyyə işçilərini YAP-ın layiqli namizədi Kamaləddin Qafarova səs verməyə çağırdılar.
Daha sonra görüş diskusiya şəkilində davam etdirildi.