Macar jurnalisti: Separatizm keçmişdə qaldı

Tarix: 16.07.2021


Macarıstanda çıxan nüfuzlu “Nepsava” qəzetinin saytında jurnalist İştvan Qalqotsinin “Azərbaycanın min bir mənzərəsi” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə müəllifi bu yaxınlarda Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində səfərdə olub.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan müəllif əvvəlcə Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxta gedən yolu təsvir edir. Jurnalist etiraf edir ki, Bakı mənzərələri uçuşdan sonra yorğunluğu unutdurur.

İştvan Qalqotsi səyahətinin əvvəli barədə söhbətinə Heydər Əliyev Mərkəzinin təsvirindən başlayır. O qeyd edir ki, bu mərkəzin binasını dünya şöhrətli memar, əslən İraqdan olan Böyük Britaniya vətəndaşı Zaxa Hadid layihələşdirib. O yazır: “Biz otelə gələndə mən anladım ki, Bakının binaları Azərbaycan tarixinin şahidləridir. Burada orta əsr abidələri ilə yanaşı çar Rusiyası dövrünə, sovet dönəminə aid evlər də var. Ən müasir binalar isə mənə Türkiyə meqapolisini xatırlatdı.

Otelin qarşısındakı bayraq dirəyində Uelsin bayrağı dalğalanır. Bu gün futbol üzrə Uels yığması Bakıda oynayacaq. Uels bayrağındakı əjdaha şəkli gözəl islam naxışları və motivləri fonunda bir qədər yabançı görünsə də, bunlar normaldır, axı mən Böyük İpək Yolunun “stansiyalarından” birindəyəm”.

Macar qonaq dənizkənarı bulvarda gəzişərək xatırlayır ki, Xəzər dənizi onilliklər boyu İrana və Sovet İttifaqına məxsus olub. Sonra SSRİ dağılıb və Xəzəryanı dövlətlərin sayı birdən-birə beşə çatıb: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan. Xəzərin dəniz yoxsa göl olması da mübahisəli məsələdir.

Azərbaycanda sənaye üsulu ilə neft hasilatı XIX əsrdə başlanıb. Nobel qardaşları qara qızılı Avropaya tarixdə ilk neft tankeri vasitəsilə daşıyıblar. Həmin tankerə “Zərdüşt” adı verilmişdi. Bu qədim dinə etiqad bəsləyənlər odu müqəddəs hesab edirlər. Bakıda Atəşgah məbədi də var, lakin qonaqlar bu məbədi ziyarət etməyə vaxt tapmayıblar.

Müəllif yazır: “Bunun əvəzini çıxmaq üçün “Alov qüllələri”nin şəklini çəkdim. Bu üç müasir binanın forması alovun və qədim atəşpərəstlik dininin rəmzidir.

Yol nişanlarına diqqətlə baxanda başa düşdüm ki, İpək Yolu məhz buradan keçir. Dağıdılmış Füzuli şəhərinə orta əsrlərdə yaşamış böyük Azərbaycan şairinin adı verilib. Gəncə şəhərində şair Nizami Gəncəvinin məzarını gördüm. Nizaminin anadan olmasının 800 illiyi 1941-ci ildə Sovet İttifaqı miqyasında, 880 illiyi isə həm Bakıda, həm də Budapeştdə qeyd olundu. Nizami poeziyasının təsiri qonşu xalqların ədəbiyyatında da hiss olunur.

Jurnalistin ən maraqlı təəssüratları Qarabağla bağlıdır. O yazır: “Burada yenidən Azərbaycan bayrağı dalğalanır. Sovet İttifaqı dağılanda keçmiş sovet sosialist respublikalarının sərhədləri yeni yaranmış dövlətlərin sərhədləri oldu, lakin Azərbaycanda yaşayan ermənilər Ermənistanla birləşmək istədilər. İki xalq arasında münaqişə nəticəsində müharibə başladı. 1994-cü ildə atəşkəs elan edildi. Sonra keçən il başlanmış 44 günlük müharibədə Azərbaycan işğal edilmiş 20 faiz ərazisini geri qaytardı. Qarabağ həm kənd təsərrüfatı təyinatlı bərəkətli torpaqları ilə, həm də cıdır atları ilə məşhurdur.

Müəllif daha sonra yazır: “Dağıdılmış Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərində yenidən Azərbaycan bayrağı dalğalanır. Bizim maşından irəlidə hərbi polis maşını gedir. Biz yalnız bu maşının arxasınca getməliyik, çünki yol boyunca minalanmış sahələr hələ çoxdur. Üçbucaq şəkilli qırmızı rəngli lövhələrdə “minalar” sözləri yazılıb. Əlində xəritə tutan istehkamçı öz işinin mahiyyətini izah edir. Stendin qarşısında bomba və mərmi qalıqları, onların yanında müxtəlif rənglərə boyanmış taxta parçaları var. Qırmızı rəng təhlükəli zonanın başlanğıcını, ağ rəng hərəkətin təhlükəsiz olmasını göstərir. Sarı rənglə nişanlanmış yerlərə yaxınlaşmaq olmaz, çünki orada hələ partlamamış minalar var. Biz söhbət etdiyimiz müddətdə istehkamçılardan iki nəfəri düşərgəyə qayıtdı və bir neçə dəqiqədən sonra uzaqda güclü partlayış səsi eşidildi, alov və tüstü göyə qalxdı. Deməli, istehkamçıların topladığı piyadalar əleyhinə və tank əleyhinə minalar zərərsizləşdirilib. Azərbaycanda minatəmizləmə işində Macarıstan da iştirak edir. Bu məqsədlə 25 min avro vəsait ayrılıb. Minatəmizləmə çox uzun prosesdir və minaların zərərsizləşdirilməsi üzrə mütəxəssislər sözün hərfi mənasında addım-addım irəliləyirlər.

Yandırılmış torpaq taktikası haqqında yalnız kitablarda oxumuşdum, indi isə bunu öz gözlərimlə görürəm. Ermənilər apara biləcəkləri hər şeyi özləri ilə götürüb, apara bilmədiklərini isə məhv ediblər. Yolun sağında və solunda qırılmış meşələr, yandırılmış üzümlüklər görünür.

Ermənilər hətta sovet dövründə mühafizə olunan 700 yaşlı ağacı da kəsiblər. Lakin bu ağac yenidən canlanıb, mən onun bir yarpağını və məscidin pəncərəsinin çərçivəsindən qalmış bir parça taxtanı suvenir kimi götürdüm. Ermənilər 30 il bundan əvvəl dağıdılmış Ağdam məscidindən donuz saxlanılan yer kimi istifadə ediblər. Bu da müharibə reallığıdır – ermənilər qarşı tərəfin mədəni obyektlərini və dini ziyarətgahları murdarlayıb və məhv ediblər.

Ötən müharibənin yaddaqalan hadisələrindən biri də Gəncənin atəşə tutulması, bu zaman 25 nəfərin həlak olması və Qarabağın incisi Şuşanın götürülməsi olub. Lakin müharibə başa çatıb və indi atəş açan tanklar əvəzinə işləyən maşınlar görürük. Ankara bu regionun bərpa edilməsi üçün öz müttəfiqinə 100 milyon dollar məbləğində yardım edib. Dağıdılmış Ağdam şəhərinin yerində müasir “ağıllı şəhər” tikilir”.

İştvan Qalqotsi məqaləsinin sonunda yazır: “Azərbaycanın rəsmi mənbələrində verilən son məlumata görə müharibədə 2881 Azərbaycan əsgəri həlak olub. Şəhidlər ölmür, onların xatirəsi qəlbimizdə yaşayır. Kənd yerlərində küçələrdə onların şəkillərini asıblar, qəbiristanlıqda onların məzarlarına xüsusi qulluq edilir.

Böyük bir stolun üstündə şəhidlərin fotoşəkilləri düzülüb. Həmin stolun yanında dayanmış kişi bu fotoşəkilləri göstərərək bizi başa salır: bu şəhidin başına güllə ilə atəş açıblar, ikincinin boğazını kəsiblər, üçüncü minaya düşüb...

İndi Bakıda açıq səma altında yaradılmış Hərbi Qənimətlər Muzeyindəki eksponatlar müharibə günləri barədə söhbət açır. Azərbaycan döyüşçüləri tərəfindən məhv edilmiş erməni tanklarının və digər döyüş maşınlarının üzərində separatçıların bayrağı var, amma bu bayraq indi keçmişin qalığıdır”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt