Mehriban xanım Əliyeva bütün dünyada bəşəri dəyərlərin qorunub-saxlanılması, sülhün bərqərar olunmasına müstəsna töhfələr verir

Tarix: 21.02.2022


2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə əsasən ölkəmizdə Birinci vitse-prezidentlik institutu yaradıldı. Dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin siyasi islahatlarının bariz nümunəsi olmaqla yanaşı, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə, idarəetmənin səmərəlilik və çevikliyinin artırılmasına xidmət edən mühüm addım oldu. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Əminliklə deyə bilərik ki, Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir və Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşdı. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açdı, idarəetmədə qadınların rolunun artmasına səbəb oldu.

Mehriban xanım Əliyevanın xalqın rəğbətinə səbəb olmuş önəmli fəaliyyət istiqamətləri çoxşaxəlidir. Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi Mehriba xanım Əliyeavının fəaliyyəti dövlətimizin və xalqımızın tərəqqisinə, rifahına xidmət edən davamlı islahatların həyata keçirilməsi və vətəndaşlarımızın üzləşdiyi problemlərin həllinə xidmət etmişdir.

Mehriban xanım Əliyeva fəaliyyəti dövründə mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, təhsil, səhiyyə, mədəniyyət və s. kimi dövlətin və xalqın inkişafında əvəzsiz rolu olan sahələrdə, eyni zamanda zəngin irsimizin təbliğ edilməsində misilsiz səylər göstərmişdir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etməsi də təsadüfi deyil. Azərbaycanın haqlı mövqeyinin bütün dünyaya tanıdılması, ata-baba yurdlarından məcburi didərgin salınmış soydaşlarımızın sosial vəziyyəti daim Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub və bu problemlərin həlli istiqamətində təxirəsalınmaz addımlar atıb. Xüsusilə vurğulamaq lazımdır ki, Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərimiz Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı ilə əhatə olunmuşdur. Dövlətin sosialyönümlü çoxşaxəli layihələri məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilir.

Mehriban xanım Əliyevan çoxşaxəli fəaliyyətinin prioritet istiqamətləri kimi - Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Eyni zamanda əhalinin sağlamlığının qorunması və müdafiəsi sahəsində də dünya miqyaslı uğurlu layihələrə və təşəbbüslərə imza atmışdır.

Mehriban xanım Əliyevanın rəhbərliyi, təşəbbüsü və təşkilatçılığı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər Azərbaycanın artan gücünü göstərməklə yanaşı, dünyadakı nüfuzunun daha da artırılmasına, beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə əsaslı zəmin yaratmışdır. Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq və Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Mehriban xanım Əliyevanın fəaliyyətinin nəticəsi ölkə rəhbərliyi və xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilmişdir. Çünki Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada bəşəri dəyərlərin qorunub, saxlanılması, sülhün bərqərar olunmasına öz töhfələrini verib və verməkdə davam edir.

Ölkəmizin ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülməsi, həmçinin bir sıra xarici ölkənin dövlət səviyyəli təltiflərinə layiq görülməsinin əsasları var. Çoxşaxəli fəaliyyətinə görə layiq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır.

Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına  xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyevaya ən yüksək qiyməti isə Azərbaycan xalqı verib. Xalqımızın qəlbində sonsuz məhəbbət və rəğbətə layiq görülən Mehriban xanım Əliyeva bundan sonra da xalqımızla birgə addımlayaraq dövlətimizin inkişafına öz mühüm töhfələrini verəcəkdir.


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Vüsar İsmayılov