Misir portalı: Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb

Tarix: 13.10.2021


Azərbaycan Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq yaradıb. Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan daha 30 il işğalı davam etdirmək istəyirdi və İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi buna son qoydu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Misirin “Rayetmısr” portalında yayımlanmış məqalədə yer alıb.

Jurnalist Məhəmməd Rafaat Fərağın yazısında qeyd olunub ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş Xocavənd rayon ictimaiyyəti ilə görüşündə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə yerinə yetirdiyini, ərazi bütövlüyünü bərpa etdiyini söyləyib. O vurğulayıb ki, ermənilərin tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər.

Məqalədə qeyd olunub ki, Azərbaycan Ordusunun müharibədə Qələbəsi onun düşmənin silahlı qüvvələrindən hərbi və texnoloji baxımdan üstünlüyü ilə əlaqədardır. Belə ki, bütün dünya 44 günlük döyüşlərdə Azərbaycan PUA-larının erməni ordusunun zirehli texnikasını necə məhv etdiyinin şahidi oldu. Köhnə sovet hərbi texnikası, istehkamlar Ermənistan ordusunu darmadağın olmaqdan xilas edə bilmədi. Azərbaycanın hərbi aviasiyası düşmənin 2 milyard dollardan artıq dəyəri olan hərbi texnikasını sıradan çıxarmağa müvəffəq oldu.

Müəllif yazır ki, Azərbaycan Ordusu hərb tarixində ən müasir silahlardan və texnologiyalardan istifadə edərək öz itkilərini minimuma endirdi və dünyanın müharibə doktrinasına yeniliklər gətirdi. Prezident İlham Əliyev Hadrut qəsəbəsinin azad olunmasını tarixi hadisə adlandırıb və əlavə edib ki, ermənilər üçün gözlənilməz olan bu hərbi taktikadan sonra digər yaşayış məntəqələri də düşməndən geri alınıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə