Misir portalında azərbaycanlı deputatın məqaləsi yayımlanıb

Tarix: 17.07.2021


Misirin “Əl Diplomasi” informasiya portalında Azərbaycan Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin “Azərbaycanda Qurban bayramı ilə bağlı milli-mənəvi dəyərlər” sərlövhəli məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın tolerantlıq və dözümlülük örnəyi olduğu qeyd edilir. Müəllif xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə müxtəlif dinlərə və etnik qruplara mənsub olan vətəndaşların adət-ənənələrinə, etiqadlarına ehtiram göstərdiyini, bununla bağlı qədimdən gələn birgəyaşayış prinsiplərinin davam etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm bizim dövlət siyasətimiz və həyat tərzimizdir.

Məqalədə əhalisinin təxminən 96 faizinin müsəlman olduğu Azərbaycanın İslam dünyası ilə sıx əlaqələr qurduğu, dini bayramların da həmrəylik şəraitində keçirildiyi diqqətə çatdırılıb. Sovet hakimiyyəti süquta uğradıqdan sonra ölkəmizdə Qurban və Ramazan bayramları da milli bayram kimi qeyd olunur.

Sonda vurğulanıb ki, builki Qurban bayramı 30 ilə yaxın işğal altında olmuş Azərbaycan torpaqlarının azad olunması sevinci şəraitində qeyd ediləcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə