Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda beynəlxalq musiqi festivalı keçiriləcək

Tarix: 20.04.2022

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunun oranjereyasında ilk dəfə olaraq “Konsonans” beynəlxalq musiqi festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival aprelin 25-26-da “Romantika” radiosunun (98.8 FM) informasiya dəstəyi ilə Qara Qarayev adına Uşaq musiqi məktəbində təşkil ediləcək.

“Konsonans” festivalının adı təsadüfən seçilməyib. Təşkilatçılar vurğulayırlar ki, konsonans musiqi termini “birlik” deməkdir. Belə ki, uzun illərdir Moskvada Qara Qarayev adına məktəbin platformasında musiqi ifaçıları, tələbələri və incəsənət xadimləri bir araya gəlirlər.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən festivalın təşkilatçıları layihədə iştirak etmək üçün ərizə qəbulu elan ediblər və dünyanın hər yerindən 100-dən çox müraciət daxil olub. Onlardan ən yaxşıları iki gün ərzində paytaxt sakinləri və qonaqlar qarşısında çıxış edəcəklər.

Musiqili tədbirdə Azərbaycan, Rusiya, Türkiyə və Almaniyadan beynəlxalq müsabiqələr laureatları, musiqi məktəblərinin, incəsənət məktəblərinin, eləcə də orta ixtisas musiqi təhsil məktəblərinin şagirdləri iştirak edəcəklər. Festival iştirakçıları pianoda, simli, nəfəsli, elektron musiqi alətlərində, həmçinin xorda və solo vokalda öz ifaçılıq bacarıqlarını nümayiş etdirəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva