Mücadilə

Tarix: 18.03.2020

2019-cu ilin dekabrında Çin Xalq Respublikasının əhalisi 10 milyonu keçən Uhan şəhərindən başlayan və hər kəsin ağlına belə gəlmədiyi sürətlə bütün dünyanı bürüyən, zülmətin, qaranlığın rəmzlərindən biri olan, yarısı siçan, yarısı quşa bənzər bədheybət yarasa mənşəəli, mutasiya edən indi “COVİD-19”adlı korono virus kabusu bütün planeti sürətlə dolaşmaqdadır. Bu günü (18.03.2020) planetimizdə mövcud olan 200-ə yaxın dövlətin 167-sində cərəyan edən COVİD-19 xüsusilə Çində, İranda, İtaliyada və Mərkəzi Avropada tuğyan etməkdədir. İndiyədək dünyada bu virusa yoluxmuş 198737 insanın 7989 nəfəri bu dəhşətli bəlanın qurbanı olmuş, yoluxanların və qurbanların sayı sürətlə artmaqdadır. Bütün bəşəriyyət bir düşmənlə “COVİD-19” la üz-üzə qalıb. Bütün dünyada bir mücadilə, savaş gedir. Düşmən çox məkrli, gözə görünməz, iyi, dadı, rəngi, forması, bilinməyən, tez-tez cildini dəyişən hiyləgər bir düşməndir. Ən acınacaqlısı isə odur ki, düşmənlə necə vuruşmağın, necə döyüşməyin, hansı vasitələrlə mübarizə aparmağın yolları da aydın deyil. Hələlik bəşəriyyət düşmənlə mübarizədə acizdir. Dünyanın ən məhşur institutları, elm müəssisələri, əczaçıları, həkimləri, ən adi adamları hazırda düşmənlə mübarizənin üsul, vasitə və metodlarını axtarmaqdadır. Hərə öz ehtimalını söyləyir, əlacı bir formada görür. Kimi limon şirəsi, kimi spirt, kimi üzərlik və s.Ancaq “COVİD-19” öz işindədir. Dünyanın fövqəl dövlətləri hərə öz ölkəsində müxtəlif qadağalar tətbiq edir. Sərhədlər bağlanıb, uçuşlar dayandırılır, qatarların, gəmilərin, avtobusların hərəkəti dayandırılır. Dünyanın ən məşhur turizm mərkəzləri, öz gözəlliyi ilə bəşəriyyəti heyran qoyan şəhərlər, küçələr, muzeylər boş qalıb. İnsanlar bir vahimə içindədir. Bəlkə də bəşər tarixində ilk dəfədir ki, insan təbiət qarşısında geri çəkilir, öz acizliyini, gücsüzlüyünü etiraf edir. Kim bilir bəlkə də planetin nizamını pozan, insanlığı, bəşəriyyəti məhv etmək üçün müxtəlif silahlar, kütləvi qırğın silahları yaradan və tətbiq edən Tanrının yaratdıqları içərisində ən alisi və həm də ən vəhşisi hesab edilən insan icad edib bu “COVİD-19” – u da. Bu barədə hələlik müəyyən fikirlər, rəylər olsa da dəqiq yəqin edilməyib. Bu gün təbii virusdan daha çox siyasi virus kimi, danışılan “COVİD-19” mənşəyinin və onun yaradılmasında məqsədin nədən ibarət olduğu az-çox zaman keçəcək və aydın olacaq. Lakin fakt-fakt olaraq qalamaqdadır. Bütün bəşəriyyət dünya müharibəsi içindədir. Bu müharibə Azərbaycanımızdan da yan keçməyib. Çağrılmamış, gözlənilməz, arzuolunmaz və gözəgörünməz qonaq bizim də qapımızı döyüb. Prezident İlham Əliyevin tapşırığı əsasında virusun ölkəmizə daxil olmasının qarşısını almaq məqsədilə verdiyi tapşırıqların icrası nəticəsində Azərbaycanda mövcud vəziyət digər qonşu ölkələrlə müqayisədə xeyli dərəcədə müsbətdir. Bütün dünyada olduğu kimi, bizim ölkəmiz də gözəgörünməz düşmənlə müharibə vəziyyətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Baş nazirin sədrliyi ilə yaradılmış Operativ Qərargah Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq bütün zəruri tədbirlər görür. Respublikamızda “COVİD-19” – la mübarizə üçün hər cür şərait, tibbi personal, zəruri avadanlıqlar, digər və dərman ləvazimatlar mövcuddur və kifayət qədərdir. Lakin bütün bunlar kifayət etmir. Məkirli düşmənlə mübarizə aparmaq üçün hər bir ölkə vətəndaşı bu mübarizəyə qoşulmalıdır. Mübarizənin də başlıca şərti ondan ibarətdir ki, heç kəs panikaya uymamalı hər kəs özünü qorumalı maksimum dərəcədə ünsiyyətdən kənar durmalı, şəxsi gigiyena və fərdi qoruyucu vasitələrdən istifadə etməli, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqlarına ciddi əməl etməlidir. Belə olduqda minimum itkilərlə düşmənə qalib gəlmiş olacağıq. İndi bütün Azərbaycan bir döyüş meydanıdır və bu döyüşün ön xəttində, həkimlərimiz dayanır. Bu sınaq günlərində gecə-gündüz növbə çəkən həkimlərimiz, həm də bu işdə yorulmaq bilmədən fədakarlıq göstərən icra sturukturlarının, polisin həmçinin xidmət təşkilatlarının kollektivləri dərin hörmət və ehtirama, təşəkkürə layiqdir.


Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri