Niderlandın məşhur jurnalında Qobustan muzeyi haqqında yazı dərc olunub

Tarix: 11.01.2021


Niderlandın “Diplomatique Magazine” jurnalında “Azərbaycan Qobustanın qədim qayaüstü təsvirləri” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Qobustanda mistik və açıq hava muzeyinin olduğu qeyd edilir, bu muzeylərdə olan eksponatların mezolit dövründən orta əsrlərə qədər petroqlifləri əks etdirdiyi bildirilir.

Məqalədə qayaüstü təsvirlər, yaşayış yerləri, kurqanlar, mağaralar, meqalitik tikililər və türbələrdən söz açılır. Min illər ərzində burada məskunlaşmış qədim insanların həyat tərzi, məşğuliyyəti, dini inancları və erkən sənətləri haqqında danışılır. Petroqliflərin əksəriyyətində insanlar, ev və vəhşi heyvanlar döyüş səhnələri, ritual rəqsləri, öküz döyüşləri, ovçuluq, balıqçılıq səhnələri əks olunduğu diqqətə çatdırılır.

Eramızdan əvvəl mövcud olmuş 40 növ heyvanın və 97 növ quşun sümükləri tapıldığı qeyd edilir.

Qobustandakı ən maraqlı kəşfin musiqi daşı olduğu göstərilir. Bu gündə musiqiçilərin “qavaldaşı”nın möhtəşəm səsindən ilhamlandıqları yazılır. Qavaldaşı ilə ifa olunan “Yallı rəqsi”nin 2012-ci ildə Bakının ev sahibliyi etdiyi “Eurovision” mahnı yarışmasının yarımfinalında təqdimatından söz açılır.

Bildirilib ki, Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. 2011-ci ildə açılan böyük müasir Qobustan muzeyi 2013-cü ildə “Avropada ilin muzeyi” mükafatına layiq görülüb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haqqa