Nizami Cəfərov: İşğalçı Ermənistanın vandalizm əməlləri xalqımızın tarix boyu yaratdığı maddi və mənəvi irsə münasibətdə də özünü qabarıq şəkildə göstərir

Tarix: 14.09.2020


Azərbaycan möhkəm tellərlə öz tarixi keçmişinə, ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlı olan, bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətinin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Prezident İlham Əliyev zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin qürur mənbəyimiz olduğunu dəfələrlə bəyan edib. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə bağlılıq daha da güclənib”. Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, respublikamızda İslam dininin dəyərlərinə böyük hörmətlə yanaşılır. Onun sözlərinə görə, İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Bu gün zəngin Azərbaycan mədəniyyətini bəşəriyyətin ən kamil irslərindən biri olan İslam fəlsəfəsindən kənarda təsəvvür etmək mümkün deyil. İslami dəyərlərdən bəhrələnən klassiklərimiz öz əsərlərində humanizm, bərabərlik, qardaşlıq, müharibəyə, şiddətə nifrət kimi ali dəyərləri tərənnüm etmişlər.

“Bu gün ölkəmizdə müqəddəs dinimizə aid bütün bayramlar dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, Azərbaycan dövləti ölkə ərazisində mövcud olan dini abidələrimizin bərpasına, qorunmasına, yenilərinin yaradılmasına böyük siyasi iradə nümayiş etdirir. Bütövlükdə, milli dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimiz yüksək səviyyədə qorunur. İşğalçı Ermənistanın isə vandalizm əməlləri, həmçinin xalqımızın tarix boyu yaratdığı maddi və mənəvi irsə münasibətdə də təzahür edir. Ermənilər işğal altındakı ərazilərimizdə maddi, o cümlədən də dini abidələrimizi hər bir vəchlə özününküləşdirməyə çalışırlar, bu mümkün olmadıqda isə onları vəhşicəsinə dağıdırlar. Heç şübhəsiz, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri əbəsdir. Dağlıq Qarabağın şəhər və kəndlərində xalqımızın yaratdığı abidələrin hamısı sənədləşdirilib və elə buna görə də ermənilərin tarixi saxtalaşdırmaq, bu mədəniyyət nümunələrini öznünküləşdirmək cəhdləri daim iflasa uğrayır”-deyə, akademik vurğulayıb.