Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq məhsul satılıb

Tarix: 18.03.2023

2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 405,5 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 60,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 228 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 177,5 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.


https://azertag.az/xeber/Perakende_ticaret_sebekesinde_istehlakchilara_82_milyard_manatliq_mehsul_satilib-2538011