Pərvin Kərimzadə: “Üç Qardaş - 2021” beynəlxalq təlimi Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək

Tarix: 20.09.2021


Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçirilir. Azərbaycan, Türkiyə və Pakistan  dost, qardaş və müttəfiq ölkələrdir. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək. Dövlətlərimiz  arasında olan münasibətlər dünya üçün  örnəkdir. Azərbaycan, Türkiyə və Pakistan  bu gün regionun və dünyanın aparıcı, söz sahibi olan ölkələrindəndir.

Bu ölkələr hər zaman bir-birilərinə dəstək olub, beynəlxalq təşkilatlarda da bu ölkələrlə bağlı məsələlər müzakirə olunarkən birmənalı və istisnasız olaraq bir-birilərini müdafiə ediblər. Bu günlər ölkəmizdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq əlaqələrinin əyani göstəricisidir. Bu hərbi təlim ordularımız arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək. Terrorla mübarizədə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması  böyük önəm kəsb edir.

Ötən illər ərzində Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Onlar işğalçı və təcavüzkar Ermənistan ordusunun işğal olunmuş Azərbaycan  ərazilərindən çıxmayana qədər Ermənistanla diplomatik münasibətlərin qurulmasının mümkünsüz olduğunu bəyan ediblər və ötən illər ərzində səmimi şəkildə öz bəyanatlarına, öz  mövqelərinə sadiqliklərini nümayiş etdiriblər. Biz 44 günlük Vətən müharibəsi zamanı bu gerçəkliyin bir daha şahidi olduq. Türkiyə və Pakistan ilk gündən Azərbaycanın haqq işinə qətiyyətli mənəvi dəstək nümayiş etdirdi. Bu dəstək dövlətimizi və xalqımızı öz mübarizəsində daha da ruhlandırdı. Nəticədə 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızı azad etdik. Azərbaycan da öz növbəsində hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyük önəm verib, daim bu ölkələrin problemlərinə həssas yanaşıb,  öz dəstəyini əməli şəkildə ifadə edib.

Hər üç ölkənin siyasi əlaqələri yüksək səviyyədədir. Üçtərəfli görüşlərin keçirilməsi regionda və dünyada mövqelərimizin möhkəmlənməsinə, əməkdaşlığın güclənməsinə xidmət edib. Bu baxımdan, xarici işlər nazirlərinin görüşlərini xatırlamaq olar.  Həmçinin, bu ilin iyul ayında Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün keçirilməsi və görüşün yekun sənədi olaraq Bakı bəyannaməsi imzalanması xüsusi vurğulanmalıdır. Bakı Bəyannaməsinin imzalanması hər üç qardaş dövlətin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bununla da regionda yeni br güc mərkəzinin yarandığını deyə bilərik.

Hər üç ölkənin ölkəmizdə keçirdiyi birgə “Üç qardaş - 2021” hərbi təlimi də regionda  sülhün güclənməsinə xidmət edəcək: Bu hərbi təlimlər  3 qardaş ölkə arasında mövcud olan strateji  münasibətlərdə də yeni mərhələnin başlandığının göstəricisidir. Bu baxımdan inanırıq ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək və regionun inkişafına xidmət edəcək. Azərbaycan, Türkiyə və Pakistanın qardaşlığının əbədi olacağına əminik.