Prezidentin köməkçisi: Azərbaycanla İtaliya iqtisadi əməkdaşlığın yeni formasına keçə bilər

Tarix: 10.02.2020

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq “bumeranq investisiyalar” formatında inkişaf edə bilər.

İtaliyanın “Agenzia Nova” portalına istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda italiyalı jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu, iki ölkə arasındakı münasibətlərdə yeni forma olacaq: “Əslində bu, qarşılıqlı, faydalı əməkdaşlıqdır. Azərbaycan İtaliyada hər hansı bir layihəyə sərmayə yatırır, sonra bundan əldə olunan gəlirlər ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün istifadə edilir”.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan Ş.Mövsümov deyib ki, son rəqəmlərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollar olub.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)