Q.Marxuliya: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir

Tarix: 19.04.2022

Müasir bəşəriyyətin həyatında diaspor mühüm əhəmiyyət kəsb edir. Disapor milli etnomədəniyyətin, sosial-mədəni mühitin intensiv dəyişməsi və şaxələnməsi şəraitində öz kimliyini qoruyub saxlamağa çalışır. Bu, təkcə dünya diaspor birliklərinin yaradılmasında deyil, həm də onların beynəlxalq təşkilatlarda təmsil olunmasında özünü göstərir.

Bu sözləri tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru, AMEA–nın fəxri doktoru Quram Marxuliya Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı AZƏRTAC-a danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünyadakı çoxmilyonlu diasporasına böyük diqqət yetirə bildi, onların birliyinə nail olundu.

Azərbaycan diaspor təşkilatları da öz dövlətlərinin və Prezidentinin ətrafında sıx birləşərək ümummilli problemin həllində böyük, tarixi bir uğura imza ata biliblər.

Professor deyib ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi və tarixi Zəfərin qazanılmasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin də rolu böyükdür. Komitənin yeni rəhbəri Fuad Muradov faktiki olaraq dünyada bütün azərbaycanlıların birliyinə nail olub. Bu da öz növbəsində Azərbaycan Prezidentinin diaspor ilə işə düzgün yanaşmasının və düzgün kadr siyasətini nəticəsidir.

Q.Marxuliya bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşada keçirilməsi də çox böyük tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev 2022-ci ili Şuşa İli elan edib. Bu Qurultayda iştirak edənlər işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar. Bu çox vacib məsələdir.

“Hesab edirəm ki, Qurultay iştirakçıları, eləcə də Gürcüstandan olan nümayəndələr gördükləri barədə yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandıracaqlar. Bu böyük strateji planlardan xəbər verir. Bu yolla Azərbaycan strateji məqsədlərinə daha tez çatacaq” -deyə, Marxuliya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi