Qoşa Qala meydanından şanlı bayrağımızın möhtəşəm görünüşü

Tarix: 16.10.2020


Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazilərimizi, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Düşmənə qarşı əks-hücum tədbirləri başladılıb və işğal altında olan bir sıra torpaqlarımız mənfur düşmənlərdən azad edilib. Bu gün də bu tədbirlər Ali Baş Komandanın əmri ilə müzəffər ordumuz tərəfindən davam etdirilir. Bununla əlaqədar bütün ölkədə binaların fasadlarında və digər görünən yerlərdə əsgərlərimizə dəstək və vətənpərvərliyin təbliği məqsədi ilə bayraqlar asılıb, digər ruhlandırıcı tədbirlər həyata keçirilir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu tədbirlərin icrasında yaxından iştirak edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın, Bakının qədim məkanı olan İçərişəhərdə bir neçə yaşayış və tarixi abidələrimizin üzərində şanlı bayrağımız dalğalanır, müxtəlif vətənpərvər ruhlu foto və informativ tablolar ərazini daha da zənginləşdirir. Görülən işlərin davamı kimi idarənin dəstəyi ilə Azərbaycan rəssamları Vüsalə Ağarazıyeva, Daşqın Bayramov və Ağayar Bayrışovun Qoşa Qala meydanında çəkdiyi üçrəngli bayrağımızın möhtəşəm rəsmi ziyarətçilərin, eləcə də sakinlərin böyük marağına və sevincinə səbəb olub.

Azərbaycan torpağının övladı olaraq, onun dövlət rəmzini qədim İçərişəhərdə təsvir etməyin onlarda inanılmaz hisslər doğurduğunu bildirən əsərin müəllifləri “Vətənimiz qarşısında baş əyirik. Divar üzərində bu rəsmlə sevgi və qürur hisslərimizi göstərmişik” deyə sevinclərini ifadə ediblər.