Şəhid Yaşar Sadıqovun anadan olmasının ildönümünə həsr olunmuş “Adı əziz, xatirəsi əbədidir Yaşarın” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib

Tarix: 11.08.2021


10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Binəqədi və Füzuli Rayon İcra Hakimiyyətlərinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun polkovnik-leytenantı Yaşar Sadıqovun anadan olmasının 46-cı ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.
Anım tədbirlərində təşkilatçı qurumların rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və döyüşçü yoldaşları iştirak ediblər.
Anım tədbiri çərçivəsində öncə iştirakçılar şəhidin İkinci Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla edib, məzarı üstünə tər güllər düzüblər. Ziyarət zamanı həmçinin xiyabanda uyuyan bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Şəhidin məzarı ziyarət olunduqdan sonra xatirə mərasimi başlayıb. Əvvəlcə respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Mərasimi giriş nitqi ilə açan polkovnik Abdulla Qurbani şəhid Yaşar Füzuli oğlu Sadıqovun həyatı və döyüş yolu barədə ətraflı məlumat verdi. Bildirdi ki, şəhid 1975-ci ilin avqust ayının 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1992-ci ildə kənd orta məktəbini bitirib. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub və 1995-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub, müxtəlif hərbi vəzifələrdə çalışıb. 2020-ci ilin oktyabr ayının 2-də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalaraq Azərbaycan xalqının qəlbində özünə əbədi abidə ucaldıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov çıxış edərək hər iki rayonun ictimaiyyəti adından şəhid valideynlərinə Vətənə layiqli oğul yetirdiklərinə görə minnətdarlıq ediblər. Şəhidin yadigar övladlarının dövlətimizin və xalqımızın qayğısı səyəsində atalarının adına layiq tərbiyə olunacaqlarına, boya-başa çatacaqlarına əminliklərini bildiriblər.
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Vətən müharibəsinin əhəmiyyətindən, bu müharibədə qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli ordumuzun əsgər və zabitlərinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin hücum diplomatiyasının, sərkərdəlik məharətinin qələbəsi olduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bilidirib. Qələbə şəhidlərinin sıralarında adı və xidmətləri həmişə iftixarla xatırlanan polkovnik-leytenant Yaşar Sadıqovun xalqımızın qan yaddaşında əbədi yaşayacağını deyib. Bütün şəhidlərimizdə Allahdan rəhmət diləyib.
Anım mərasimi zamanı çıxış edən şəhidin atası Füzuli Sadıqov və anas Əsli Sadıqova şəhid övladları ilə sonsuz qürur duyduqlarını diqqətə çatdırdılar. Qeyd etdilər ki, oğlanları çox mərd və cəsarətli idi. Onun müharibədə qətiyyətli və əzmkar döyüşü hər kəsdə iftixar hissi oyadır. Biz Azərbaycan xalqı olaraq bu cür qeyrətli, vətənpərvər oğullarımızla daim fəxr etməli və onların həyatını, döyüş yolunu gələcək nəsillərə çatdırmalıyıq. Şəhidin valideynləri xalqımıza, dövlətimizə bundan sonra daha da xoşbəxt günlər, əmin-amanlıq, firavan həyat arzuladılar.
Mərasim zamanı çıxış edən şəhidin övladları Xanış Sadıqov və Əsli Sadıqova da atalarından yüksək fəxarətlə bəhs etdilər. Qəhrəmanımızın övladları atalarının hər zaman onları bu torpağı, Vətənimizi qorumağa çağırdığını söylədilər.
Atalarının nəsihətinə daim sadiq qalaraq torpağımızı göz bəbəyi kimi qoruyacaqlarını bildirdilər. Şəhid atası ilə bağlı xatirələrini bölüşüblər.
Mərasimdə çıxış edən şəhidin döyüş yoldaşları, qazilər də fikirlərini bölüşüblər. Bildiriblər ki, şəhidlərimizin qisasını vuruşaraq, döyüşərək almışıq.
Anım mərasimi hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi və “Milenium” dondurma zavodunun nümayəndələri şəhidin ailəsində olub. Ailə üzvləri ilə görüşən nümayəndələr Yaşar Sadıqov kimi vətənpərvər oğullarımızın qəlbimizdə daim yaşayacağını bildiriblər. Bildiriblər ki, şəhidlərimiz bizim qürur mənbəyimizdir. Məhz onların şücaəti və qorxmazlığı sayəsində 30 illik Vətən həsrətimizə son qoyularaq taraixi torpaqlarımız erməni işğalından azad edildi. Azərbaycan xalqı qəhrəmanlarımızı heç zaman unutmayacaq.