Səbinə Xasayeva: Ermənistan mina xəritələrini heç bir şərtsiz Azərbaycana təhvil verməlidir

Tarix: 10.06.2021


“Ermənistan 44 günlük müharibədə rəzil məğlubiyyətinə baxmayaraq mənfur xislətindən əl çəkmir və hərbi cinayətlərini davam etdirir. Statistika göstərir ki, 10 noyabr razılaşmasından sonra 100-ə yaxın günahsız vətəndaşımız işğal dövründə ermənilərin ərazilərimizə basdırdığı minalara düşüb və çox təəssüf ki, onların bir coxu həyatını itirib. Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında 2 jurnalistimizin və Susuzluq kənd icra nümayəndəsinin müavininin minaya düşərək həlak olması mənfur ermənilərin səbəb olduğu faciələrdən sadəcə biridir”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə on minlərlə mina zərərsizləşdirilməsinə baxmayaraq, mülki şəxslər arasında minaya düşənlərin sayı günü-gündən artır və bunun səbəbi bitmək bilməyən erməni vəhşiliyidir: “Lakin artıq vaxtı çatıb ki, dünya birliyi, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana layiq olduğu sərt reaksiyanı versin. Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini heç bir şərtsiz Azərbaycan tərəfinə təhvil verməlidir. Hətta erməni zabiti özü belə etiraf edir ki, onlar Laçını və Kəlbəcəri tərk edərkən bu ərazilərə 17 maşın mina yerləşdiriblər. Beynəlxalq təşkilatlar bu reallığı görməlidir və işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistana təzyiqləri artırmalıdır”.

“Bu gün Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu bərpa prosesinin ən əhəmiyyətli hissələrindən biridir. Ermənistan tərəfinin mina xəritələrini qaytarmaqdan hər vəchlə boyun qaçırması isə bərpa prosesini ləngitməklə soydaşlarımızın ata-baba torpaqlarına daha qısa müddət ərzində qayıtmasına mane olur. 44 günlük Vətən müharibəsi bitsə də Ermənistan cəmiyyəti xaos içindədir və acı məğlubiyyəti unuda bilmir. Ermənistanın hazırki ağır durumunun əsas səbəbi isə 30 ilə yaxın yürütdüyü işğal siyasəti idi. Bu işğal Ermənistana heç nə qazandırmadı, əksinə sosial-iqtisadi böhran dərinləşdi və ölkə uçurumun astnasındadır”.-deyə, Səbinə Xasayeva bildirib.