UNESKO-da multikulturalizmin Azərbaycan modelindən danışılıb

Tarix: 17.01.2020

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu sözləri UNESKO-nun baş qərargahında “Cojep İnternational” tərəfindən təşkil edilmiş “Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et!” adlı konfransda Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov səsləndirib.

O, multikulturalizmin Azərbaycan modelindən söz açaraq, Prezident İlham Əliyevin fikrini diqqətə çatdırıb: “Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”.

S.Qasımov müxtəlif xalqların nümayəndələrinin ölkəmizdə mehriban ailə kimi yaşamasından söz açıb. Bildirib ki, ölkəmizdə müxtəlif dinlərə, onların nümayəndələrinə, dini ənənələrinə hörmətlə yanaşıldığını, onların mədəni irsinin qorunub saxlandığını qeyd edib. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılsa da, Yerevanda Azərbaycan mədəni və tarixi irs abidələrinin məhv edildiyini deyib.

Diqqətə çatdırılıb ki, ölkəmizin müstəqilliyinin ilk illərində 20 Yanvar və Xocalı soyqırımı kimi dəhşətli faciələrlə üzləşib. Avropa Azərbaycanlıları Konqresinin (AAK) əsas məqsədinin Azərbaycan diasporasının üzvlərinin Avropaya inteqrasiyasından, avropalıları ölkəmizin reallıqları, eləcə də Qanlı Yanvar və Xocalı soyqırımı faciələri ilə bağlı məlumatlandırmaqdan ibarət olduğu bildirilib. Bu faciələr haqqında ətraflı məlumat verilib və beynəlxalq hüququn, BMT İnsan Haqları Bəyannaməsinin kobud şəkildə pozulduğu qeyd olunub.

Qeyd edək ki, “Cojep İnternational” təşkilatının rəhbərliyi ötən il ölkəmizdə səfərdə olub. Təşkilatın “Multikulturalizm naminə hərəkət edin!” adlı 3 ilik layihəsinin bu ilki kampaniyası Asiyaya həsr edilib. Təşkilat “Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et! " adlı ilk konfransı UNESKO-da təşkil olunub.

Konfransın Avropa Parlamentində, Avropa Şurası, BMT və ATƏT-də də keçirilməsi nəzərdə tutulub.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)