Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu

Tarix: 14.06.2021


1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu, ölkəmizin dövlət müstəqilliyi bərpa edildi. Azadlığı “zərrə-zərrə”, “qram-qram” istəməyən xalqın müstəqillik mübarizəsi imperiyanın ilhaq zəncirini parçaladı. Dünya dövlətləri Azərbaycanın müstəqilliyini tanıdı. Ölkəmiz yenidən müstəqilliyinə qovuşdu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat qeyd edib ki, həmin illərdə Azərbaycanda hakimiyyət səriştəsizliyi ölkədə daxili siyasi vəziyyəti son dərəcədə kəskinləşdirmişdi. Ölkə vətəndaş müharibəsi ərəfəsindəydi və Azərbaycan dövlətçiliyi labüd süqutla üzləşmişdi. Xalq bu çətin və kritik vəziyyətdən çıxış yolunu ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Xalq Ulu Öndəri israrla, təkidlə hakimiyyətə çağırdı. Həmişə xalqa arxalanan, ona dayaq olan Heydər Əliyev xalqın dövlətçiliyi qorumaq istəyini yerinə yetirdi, iyunun 9-da Naxçıvandan Bakıya gəldi.

Deputat vurğulayıb ki, Ümummilli Liderin bu qayıdışı ilə Gəncə qiyamının, bu hadisələrlə başlanacağı istisna edilməyən vətəndaş müharibəsinin qarşısı alındı, respublikada siyasi vəziyyət sabitləşdi. Az sonra imzalanan ikitərəfli, çoxtərəfli müqavilələr, eləcə də beynəlxalq sazişlər gənc Azərbaycan dövlətinin iqtisadi inkişafının təməlini qoydu.

S.Xasayeva qeyd edib ki, Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu. Xalqımız Heydər Əliyev kimi dahi şəxsiyyətlə fəxr edir və qürur duyur. Heydər Əliyev müasir və müstəqil Azərbaycanın qurucusu və memarıdır. İyunun 9-u Azərbaycan üçün tarixi gündür. Bu tarixi gün dünyəvi təsdiqini iyunun 15-də tapdı.