Ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Tarix: 08.12.2021


12 dekabr tarixi bütün dünya azərbaycanlılarının kədər və hüzn günü kimi tariximizə əbədi həkk olundu. Bu tarix ulu öndər, dahi şəxsiyyət, Azərbaycanın taleyüklü məsələlərinin həllində, eləcə də dövlətimizin və xalqımızın inkişafında, tərəqqisində müstəsna xidmətləri olan müdrik insan Heydər Əliyevin cismən aramızdan ayrıldığı gündür. Ulu öndər Heydər Əliyev artıq 18 ildir ki, əbədiyyətə qovuşsa da, ruhən bizimlədir və əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi və ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə - istər 1969, istərsə də 1993-cü illərdə daim Azərbaycanın dövlət maraqlarını üstün tutmuş, müstəqilliyimizin, suverenliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, erməni işğalı altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda qətiyyələ mübarizə aparmışdır. Dahi şəxsiyyətin siyasi müdrikliyi, məqsədyönlü siyasi strategiyası dövlətimizin və xalqımızın gələcək intibahı üçün əsl bünövrə olmuşdur. Məhz ulu öndərin siyasi xəttinin sayəsində ölkəmiz çiçəklənmiş, bütün sahələri əhatə edən uğurlu islahatlar həyata keçirilmişdir. Xalqımızın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, milli-mənəvi dəyələrinin, adət-ənənələrinin qorunub-saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Xalqımızın müdrik oğlu Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün dünyada yüksək nüfuza və hörmətə malik olan nadir tarixi şəxsiyyətlərdəndir. İstər işğal altında olan tarixi torpaqlarımızın azadlığı, istərsə də Xocalıya ədalət tələb etdiyimiz vaxtlarda məhz ulu öndərin uzaqgörən siyasəti və şəxsi nüfuzu sayəsində beynəlxalq təşkilatlardan və dünya dövlətlərindən Azərbaycana dəstəyin miqyası getdikcə artmış, dünya Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul etmişdir. Dünya dövlətləri ilə qurulan və bu gün də yüksək dinamika ilə davam etdirilən münasibətlərimiz uğurlu xarici siyasətimizin bariz nümunəsidir.

Xüsusilə vurğulamaq lazımdır ki, Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli xahişi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışı dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi, daxili çaxnaşmalara, xaosa, anarxiyaya, vətəndaş müharibəsinə son qoydu. O zaman cərəyan edən siyasi hadisələrin qarşısını almaqla dahi şəxsiyyət Azərbaycan dövlətinə və xalqına misli görünməmiş azadlıq və firavanlıq nəsib etmiş oldu. Bu gün qədirbilən xalqımız ulu öndərimizin xidmətlərini unutmur və onun əziz xatirəsi qarşısında daim ehtiramla dayanaraq, onun aramızdan ayrıldığı günü böyük kədərlə qeyd edir. Çünki xalqımızın milli iftixarı, ürəklərimizdə özünə əbədi olaraq sevgi abidəsi ucaltmış milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlıdır. Qürurla qeyd edə bilərik ki, bəşər tarixinə gəlmiş nadir şəxsiyyətlərdən biri kimi Heydər Əliyev məhz biz Azərbaycan xalqının taleyinə yazılmış və xalqımızın əsl xilaskarı kimi missiyasını qətiyyətlə yerinə yetirmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qəlbən bağlı idi. Hər zaman çıxışlarında bildirirdi ki, “Mən azərbaycanlı olmağımla fəxr edirəm”. Dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda dövlət başçımız İlham Əliyevə çox böyük ümidlər bəsləyirdi və qeyd edirdi ki “Mən inanıram ki, mənim Azərbaycanda başa çatdıra bilmədiyim işləri məhz İlham Əliyev başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndər fikirlərində yanılmamışdı. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev əsl layiqli siyasi varis və davamçı olaraq ulu öndərin Azərbaycanın gələcəyi ilə bağlı bütün planlarını, arzularını yerinə yetirdi. Prezident, Ali Baş Komandan kimi İlham Əliyevin qətiyyəti, siyasi iradəsi Azərbaycanı daha da qüdrətli və sarsılmaz etdi. Bu gün Azərbaycan regionun lider ölkəsi kimi dünyada böyük nüfuza malik olan söz sahibi ölkələrdən biridir. Bu gün ölkəmiz təkcə daxili siyasəti ilə deyil, xarici siyasəti ilə də özünün müstəqilliyini və heç bir kənar qüvvədən asılı olmayaraq süveren dövlət hüquqlarını layiqincə yerinə yetrir. Ali Baş Komandan kimi dövlət başçının rəhbərliyi altında 44 günülk Vətən müharibəsində qazandığımız inamlı qələbəmiz də bu siyasətin, bu qiplomatiyanın və bu qətiyyətin əsl təntənəsi idi. 30 ilə yaxın idi ki erməni işğalı altında olan tarixi torplaqlarımızın azadlığına qovuşması, ərazi bütövlüyümüzün bərpası ilə yanaşı beynəlxalq hüququn icra edilməsi demək idi. Zəfər günlərimiz bizim sınmış qürurumuzun bərpası, Xocalıda və digər işğal altında olan ərazilərimizdə vəhşicəsinə işgəncələrə və qətillərə məruz qalan soydaşlarımızın qisası idi. Bu zəfər tariximizə əbədi həkk olundu. Bütün dünya Azərbaycanın gücünün, inamının, dəyanətinin şahidi oldu. Ulu öndər daim torpaqlarımızı azad görmək istəyirdi və ən böyük arzusu məhz bu idi. İlham Əliyev onun arzularını yerinə yetirdi. Şuşanın azad olunması ilə bağlı dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər Xiyabanından xalqa etdiyi müraciətində də qeyd etdiyi kimi həqiqətən xoşbəxt oğuldur ki, ata nəsihətini yerinə yetirdi.

İnanırıq və əminik ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da güclənəcək və ulu öndərin ruhu hər zaman şad olacaq.

 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Vüsar İsmayılov