Vüsar İsmayılov: “Qubadlının azadlığı tariximizin parlaq səhifəsidir”

Tarix: 25.10.2022


 

“Oktyabr ayının 25-də Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. Qürurla xatırladığımız və qeyd etdiyimiz bu tarixi gündə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuzun qəhrəmanlığından danışmaq, bu tarixi zəfəri bizlərə bəxş edən, qanı və canı bahasına tarix yazan şəhidlərimizi, qazilərimizi minnətdarlıqla yad etmək bizlərin borcudur. İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq tarix heç zaman unudulmayacaq. Bu qələbə dövlətimizin, xalqımızın yaddaşına əbədi həkk olunacaq”.

Mövzu ilə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə bu tarixi daim xatırlamaq, yaşatmaq, təbliğ etmək, onun unudulmaması və gələcək nəsillərimizə ötürülməsi üçün bütün gücümüzlə çalışmalıyıq. Dövlətimizin və xalqımızın, ordumuzun rəşadətindən, həmrəyliyindən, mübarizliyindən bəhs edən təbliğat materiallarımız daha da çox olmalı, bütün tarixi hadisələr faktlarla dünyaya çatdırılmalıdır. Vətən müharibəsində qazandığımız qələbə, torpaqlarımızın işğaldan azad edilməsi xeyirin şər üzərində qələbəsi, eyni zamanda haqqın, ədalətin çaldığı bir zəfər idi. Çünki erməni faşizmi, separatizmi və yürüdülən işğalçılıq siyasəti, təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi bir təhdiddir. Dünya anlamalıdır ki, istənilən işğalçılıq siyasətinin, etniktəmizləmə, soyqırımı, əsassız torpaq iddialarının və beynəlxalq hüququn tələblərinin pozulması ümumbəşəri bir bəladır və dünyanın özünə, sivil quruluşuna ciddi təhlükədir. Bu cür halların qarşısının alınması, bu baş verdiyi halda pislənilməsi və cəzalandırılması gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün olduqca vacibdir. Lakin çox təəsüflər olsun ki, bir sıra dövlətlər öz maraqları naminə Azərbaycanın məruz qaldığı işğala göz yumdu, sözdə dəstəyini ifadə etsə də heç bir real addım atmadı. Təbii ki, burada işğalçı dövlətlə həmin ölkələrin münasibətləri rol oynamaqla yanaşı, münaqişənin həllində maraqlı olmadıqları da açıq görünürdü. Əslində isə bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri beynəlxalq hüququ ayaqlar altına atan, cəzasızlıq mühitindən daha da sui-istifadə edərək müxtəlif təxribatlara əl atan Ermənistana dur deməli, onun hərəkətlərinin qarşısını almalı idi: “ Biz 30 ilə yaxın səbr etdik və real addımların şahidi olmadıq. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə məhəl qoyulmaması təşkilatın özünün nüfuzuna vurulan böyük zərbə idi. Ancaq bu istiqamətdə də heç bir əməli adım atılmadı. Ermənistan daha da vəchə gələrək öz terrorçu mahiyyətini davam etdirməyə, işğal altında saxladığı Azərbaycan ərazilərini talamağa, dağıtmağa, bir sıra xarici şirkətlərlə imzaladığı qanunsuz müqavilələr və iş birlikləri əsasında təbii sərvətlərimizi sovurmağa, ölkəmizin iqtisadiyyatına ciddi ziyanlar vuraraq, özü qeyri-leqal yolla külli iqdarda vəsaitlər qazanmağa, digər ölkələrin ərazilərindən etnik ermənilərin həmin ərazilərə köçürülməsinə davam etdi”.

Rayon təşkilatının sədri onu da bildirdi ki, Azərbaycan bütün məsələlərdə olduğu kimi, milli məsələmiz olan Qarabağ münaqişəsinin həllində, torpaqlarımızın işğaldan azad edilməsində də sülh yolunu üstün tutdu. Danışıqlara, beynəlxalq hüquqa güvənərək, münaqişənin hüquq prinsipləri əsasında həll edilməsinə çalışdı. Bütün dünyanı bu məsələdə həssas olmağa, Ermənistana təsir etməyə çağırdı. Lakin bütün çağırışlarımız və cəhdlərimiz nəticə vermədi: “Belə olan təqdirdə Azərbaycan Ermənistanın törətdiyi müxtəlif təxribatlara özü cavab vermək, beynəlxalq hüququ və ədaləti özü təmin etmək məcburiyyətində qaldı. Beləliklə, 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində bir sıra tarixi ərazilərimiz kimi, Qubadlı şəhəri də ordumuzun şücaəti və peşəkarlığı sayəsində erməni işğalından azad edildi. Bu gün bu tarixi zəfərin ikinci ildönümünü fəxrlə qeyd edirik. Qubadlı və digər ərazilərimizdəki vandalizm əməlləri orada olan, o mənzərəni öz özləri ilə görən hər kəsi dəhşətə gətirir. Bütün tarixi torpaqlarımız dövlətimizin gücü hesabına yenidən inşa edilir. Qubadlı öz tarixi görkəminə qayıdacaq, oradakı bütün yaşayış məntəqələrimiz, infrastruktur layihələrimiz daha müasir və yüksək standartlara uyğun şəkildə bərpa ediləcək. Soydaşlarımız öz yurd-yuvasına qayıdacaq”. Azərbaycan dövlətinin, xalqının, ordumuzun birliyi, həmrəyliyi, qüdrəti nəticəsində ermənilərin xülyaları ürəklərində qaldı, tarixi ərazilərimizi erməniləşdirmək cəhdləri fiaskoya uğradı. Biz tarixi ədaləti bərpa edərək, gücümüzü, qətiyyətimizi bütün dünyaya, xüsusilə ermənilərə və onların havadarlarına bir daha sübut etdik. Azərbaycan öz ərazilərini heç bir ölkəyə güzəştə getməyəcək, ərazi bütövlüyünün müdafiəsi üçün bundan sonra da qətiyyətlə mübarizə aparacaq