Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə qızlar arasında florbol üzrə hazırlıq və yoxlama yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında təşkil edilən yarışda 12 komanda iştirak edib. Turnirin yekun nəticələrinə əsasən, ən güclü divizionda fərqlənən Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin komandası birinci yerə layiq görülüb. Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin florbolçuları ikinci, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin yığması isə üçüncü yerləri tutublar.

Turnir xüsusi internat, tam və inklüziv orta məktəblərdən və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda, ailələrdən olan qızlar arasında “UNIFIED Sports” (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun keçirilib.

Yarışda 100-ə yaxın atlet iştirak edib.