YAP-ın namizədi Kamaləddin Qafarovun Əmək və Sosial Münasibətlər Akademiyasında seçiciləri ilə görüşü keçirildi

Tarix: 28.01.2020

28 yanvar 2020-ci il tarixdə Əmək və Sosial Münasibətlər Akademiyasında 9 fevral tarixində ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə irəli sürülmüş Kamaləddin Qafarovun seçiciləri ilə görüşü keçirildi.

Görüşdən əvvəl 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun fəaliyyətini əks etdirən video rolikə baxıldı.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri  Ramiz Göyüşov, dairə seçki komissiyası üzrə seçicilər, partiyanın fəalları iştirak edirdilər.

Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdəki seçki prosesi haqqında görüş iştirakçılarına məlumat verdi. O, seçki qərargahının fəaliyyətindən, təbliğat kampaniyası çərçivəsində seçicilərlə olan çoxsaylı görüşlərdən danışdı. Ramiz Göyüşov bildirdi ki, ölkəmizdə 125 dairə fəaliyyət göstərir. 123 dairədə YAP-ın namizədi təmsil olunur. 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Milli Məclisdəki fəaliyyətinə nəzər salaraq, bildirdi ki, Kamaləddin Qafarov gördüyü işlərlə artıq seçici nüfuzunu qazanıb. Rayon təşkilatının sədri seçiciləri layiqli namizədə səs verməyə çağırdı.

Çıxış üçün söz 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizəd Kamaləddin Qafarova verildi. O, bildirdi ki, ölkəmizdə və xüsusəndə rayonumuzda mövcud olan problemlərin aradan qaldırılması hər birimizin məsuliyyətindədir. Bu məsuliyyət onda gördüyü işlərə daha da istiqamətlənməyə kömək etdiyini bildirdi. Kamaləddin Qafarov uğurlu islahatların aparılması, ölkəmizdə sabitliyin təmin edilməsinə zəmin yaratdığını vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edir, ölkə qarşısında yeni perspektivlər açılmasına şərait yaradır. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir.

Həmçinin o, öz təmsil olduğu səhiyyə sektorunda baş verən dəyişikliklərdən və oradakı inkişafdan danışdı. Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi mühüm dövlət proqramlarının qəbul olunması ilə əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur və vətəndaşlar ən yüksək səviyyədə tibbi xidmətlərlə qarşılanır. Həmçinin, Kamaləddin Qafarov icbari tibbi sığortanın əhəmiyyəti haqqında danışdı. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsi olduğunu qeyd etdi. Bildirdi ki, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə, əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Çıxışının sonunda K.Qafarov YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmaq üçün çalışacağını vurğuladı və ona göstərilən yüksək etimadı doğruldacağına söz verdi.

Daha sonra seçicilər onları maraqlandıran və narahat edən problemlərlə bağlı Kamaləddin Qafarova suallar ünvanladılar və suallar namizəd tərəfindən müvafiq qaydada cavablandırıldı.