YAP-ın yaradılmasından 28 il ötür

Tarix: 20.11.2020


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi adından partiyamızın bütün üzvlərini 21 noyabr - ölkəmizin ictimai-siyasi tarixində xüsusi yeri və rolu olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə səmimiyyətlə təbrik edirik. Yeni Azərbaycan Partiyası tariximizin çox ciddi sınaqlarla üzləşdiyi bir vaxtda xalqımızın təkidli xahişi və ziyalılarımızın  müraciəti əsasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradıldı. Həmin tarixdən ötən müddət ərzində Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin və xalqımızın həyatında, onun inkişafında və çiçəklənməsində mühüm xidmətlər göstərir. Məhz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın hərbi və siyasi qələbə qazanması və əzəli torpağımız olan Qarabağın işğaldan azad edilməsi iqtidar-xalq-ordu birliyinin, qətiyyətinin və siyasi iradəsinin  nəticəsidir. Bu gün xalqımız tarixinə qızıl hərflərlə yazılacaq şərəfli günlərə şahidlik edir. Partiyamızın ildönümünün tarixi qələbələrimizlə eyni günlərə təsadüf etməsi sevincimizə sevinc qatır. Bizə bu qələbələri yaşadan ulu öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin ruhları qarşısında baş əyir və bütün xalqımızı, yüzminli partiya üzvlərini təbrik edirik. Növbəti ildönümlərimizi işğaldan azad edilmiş torpaqlarımızda keçirmək diləyi ilə bayramımız mübarək!