YAP Binəqədi rayon təşkilatı tərəfindən partiyanın millət vəkilliyinə irəli sürülmüş namizədlərin seçicilərlə ilk görüşü keçirildi

Tarix: 18.01.2020

17 yanvar 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 09 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə namizədi Əliyarlı Kubra Məhəmməd qızı, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə Qafarov Kamaləddin Nəsrəddin oğlu, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Əliyev Anar Məmməd oğlunun seçicilərlə ilk görüşü keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, hər 3 dairə seçki komissiyası üzrə seçicilər, partiyanın fəalları iştirak edirdilər.

Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov ölkəmizdə ən məsuliyyətli və ən əlamətdar günlər yaşanıldığını vurğuladı. Bildirdi ki, müstəqil bir ölkə kimi Azərbaycan özünün dinamik inkişafının növbəti mərhələsinə yeniləşən cəmiyyət, qüdrətli iqtisadiyyat və davamlı islahatlarla zəngin yeni parlamentli mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli daxili və xarici siyasət, iqtiasadi, siyasi, sosial və hüquqi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycan nəinki regionun, bütövlükdə dünyanın ən stabil inkişaf tempinə malik dövlətləri sırasında yer almaqdadır. Daha sonra seçkilərin ölkə tarixindəki mühüm rolunu vurğulayaraq, hər bir namizədə bu məsuliyyətli yolda müvəffəqiyyətlər arzuladı. Hər bir namizəd haqqında məlumat verərək tədbir iştirakçılarını parlament seçkilərində fəal iştirak etməyə, ölkənin əlamətdar tarixində pay sahibi olmağa çağırdı.

Daha sonra 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizəd Qafarov Kamaləddin Nəsrəddin oğlu çıxış edərək qeyd etdi ki, ölkəmizdə və xüsusəndə rayonumuzda mövcud olan problemlərin aradan qaldırılması hər birimizdən məsuliyyət, sosial təəssübkeşlik, gələcək ümumi yüksəliş və rifah üçün milli canıyananlıq tələb edir. Rayonumuzda öz həllini gözləyən məsələlər müvafiq dövlət qurumlarının, icra strukturlarının, idarə, müəssisə və təşkilatların, dövlət nümayəndələri ilə bərabər, həm də hər bir Binəqədi sakininin qayğı və probleminə çevrilməlidir. Bu da mənim ən böyük amalımdır. Onun sözlərinə görə neçə illərdir Binəqədi rayonunda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, park və xiyabanların salınması, yolların çəkilməsi, müxtəlif infrastrukturların yaradılması, sosial proqramların reallaşdırılması göz önündə baş vermişdir. Bundan sonra bu abadlıq və Binəqədi camaatının rifah halında yaşamasında pay sahibi olacağına görə fəxr hissi duyğunu və ona Yeni Azərbaycan Partiyası tərəfindən göstərilən böyük qayğı və yüksək etimadı doğruldacağına söz verdi.

Görüşdə çıxış edən 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə namizəd Əliyarlı Kubra Məhəmməd qızı bildirdi ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ölkəmizdə çoxsaylı iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir, yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür. Lakin bizə məlumdur ki, Binəqədi rayonunda əhalini narahat edən, həllini gözləyən bir sıra məsələlər var. Seçkilərə hərtərəfli görüləcək işləri nəzərdə tutan geniş platforma ilə gedirik. Dövlətimizə, xalqımıza xidmət etməyi özümə şərəf bilirəm və bu yolda sizlərə fəxarətlə xidmət etmək də ən müqəddəs missiyalarımdan biri olacaq. Çıxışının sonunda bütün seçiciləri “Daha güclü Azərbaycan naminə” Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Daha sonra çıxış edən 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə namizəd Əliyev Anar Məmməd oğlu bildirdi ki, ona göstərilən bu etimad onu daha məsuliyyətli olmağa sövq edir. Bu məsuliyyətli və çətin yolda ona göstərilən etimadı doğrultmaq üçün daha səylə çalışacağına əminliyini ifadə etdi.

Görüşdə çıxış edən seçici Rahib Abbasov YAP tərəfindən irəli sürülən namizədlərin hər birinin layiqli olduğunu bildirərək onlara qarşıdan gələn seçkilərdə uğurlar arzu etdi. Bütün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırdı.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları namizədlərə ünvanladılar. Sonda xatirə şəkli çəkildi.