YAP Binəqədi rayon təşkilatında “Dəmir yumruq” adlı yeni filmi nümayiş etdirildi

Tarix: 22.04.2021


21 aprel 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında karantin qaydaları gözlənilməklə əməkdaşların və gənclərin iştirakı ilə Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayevin 44 günlük Vətən Müharibəsində qazanılan qələbinin vacib bir aspektinə işıq salan “Dəmir yumruq” adlı yeni filmi nümayiş etdirildi.

Film başlamazdan öncə torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçərək şəhidlik məqamına ucalan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Filmdə Azərbaycanda yaşayan bütün millətlərin övladlarının bu torpağa bağlılığından və sonsuz sevgisindən, öz doğma Vətənləri üçün canlarını fəda etməyə hazır olmalarından bəhs olunur.

Filmin nümayişindən sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi, jurnalist Kubra Əliyarlı filmin təsirli və qürurverici məzmunundan söz açdı. Qeyd etdi ki, qeyrətli oğul və qızlarımızın Vətən Müharibəsindəki igidliyindən bəhs edən bu cür layihələr davamlı olmalı və təkcə Azərbaycanda deyil, bütün dünyada nümayişi təşkil edilməlidir. Bütün dünya Azərbaycanda yaşayan millətlərin vətəpərvərliyindən, birliyindən və həmrəyliyindən nümunə götürməlidir.

Film haqqında fikirlərini bölüşən gənc fəallar Aytac Ağayeva və Şövkət Abadova da filmin onlarda yüksək təəssüratlar yaratdığını bildirdilər.

Sonda yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov filmin maraqlı sujet xəttindən, girişinin ulu öndər Heydər Əliyevin fikirləri ilə başlamasında söhbət açdı. Bildirdi ki, min illərdir bu torpaqlarda yaşayan, müxtəlif millətlərdən və dinlərdən olan insanlar bu dövlətin başlıca sərvətidir. Türkü, talışı, tatı, ləzgisi, avarı, udini, kürdü, yəhudisi, rusu ilə bütövləşən və dəmir yumruğa çevrilən bir xalqın birliyi bu filmdə öz əksini tapır. Filmdə də qeyd olduğu kimi Vətən torpaqlarımızın azadlığı uğrunda başladılan 44 günlük Vətən Müharibəsində bu torpaqda yaşayan bütün millətlər silaha sarılaraq bir yumruğa döndü, dünyaya ən sarsılmaz həmrəylik mesajını verdi. 30 ilə yaxın idi ki, davam edən işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı azad etdi. Bunun üçün öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Ramiz Göyüşov sonda şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzuladı.