YAP Binəqədi rayon təşkilatında “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verildi

Tarix: 14.01.2020

 13 yanvar 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və rayon təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verildi.

Dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

Giriş nitqi ilə çıxış edən Binəqədi rayonu 283 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Tünzalə Zeynalova layihə haqqında ətraflı məlumat verdi. Daha sonra qeyd etdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.

Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ramiz Göyüşovun sözlərinə görə məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər məşğul olacaq. Dərslər silsilə olaraq davam etdiriləcək.