YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi

Tarix: 06.12.2019


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən irəli sürülmüş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov Azərbaycanda seçicilərin hüquqlarından danışdı. Bildirdi ki, vətəndaşların seçib, seçilmək hüququ Konstitusiya ilə müəyyən olunan ən müstəsna hüquqlardan biridir. Artıq seçicilər öz gələcək taleyini özləri müəyyən edir, müxtəlif seçkili orqanlarda təmsil olunacaq nümayəndələrini seçməklə, həm də həmin qurumlarda öz maraqlarının müdafiəsini təmin etmiş olurlar. Onlar inandıqları, etimad göstərdikləri namizədləri seçərək onlar qarşısında istənilən məsələ ilə bağlı təkliflər irəli sürür, bununla da onların həllinə müvəffəq olmuş olurlar. Ramiz Göyüşov ölkəmizdə 1999-cu ildən təsis edilən bələdiyyə institutlarına diqqət yönəltdi. 20 yaşlı bələdiyyələrin bu qısa müddətdə kifayət qədər inkişaf etdiyini, inzibati əraziləri daxilində sakinlər üçün mühüm işlərin görüldüyünü bildirdi. Təbii ki, mövcud nöqsanlar və həllini gözləyən problemlər də var. Lakin 20 yaşlı Azərbaycan bələdiyyələrini yaşı yüzlərlə olan ABŞ, Avropa ölkələrinin və ya Türkiyə bələdiyyələri ilə müqayisə etmək absurddur. O ölkələrin bələdiyyələri uzun tarixi yol qət edərək mühüm təkmilləşmə mərhələləri keçiblər. Ancaq yerli bələdiyyələrin tam inkişafı və qarşısında duran məsələlərin həlli üçün zamana ehtiyac var. Rayon təşkilatının sədri namizədlərə tövsiyyələrini verdi. Bildirdi ki, seçicilərin etimadını qazanaraq bələdiyyə üzvü seçiləcəkləri təqdirdə daim dövlətimizin və xalqımızın inkişafına səy göstərsinlər. Bu istiqamətdə durmadan, yorulmadan çalışsınlar. Bu böyük etimaddır və onlar seçicilərin bu etimadını doğrultmalıdırlar.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin üzvü, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyası bütün fəaliyyəti dövründə daim xalqla bir olub, onun inkişafı, tərəqqisi yolunda əzmlə çalışıb. Son illərdə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin həyata keçirdiyi və müxtəlif sahələrdə mühüm dəyişikliklərə səbəb olan bu islahatlar xalqımıza olan sevginin bariz nümunəsidir. Bu baxımdan partiya tərəfindən irəli sürülmüş namizədlərin növbəti 5 ildə bələdiyyə sahəsində siz seçicilərə ləyaqətlə xidmət edəcəklərinə inanırıq.

Bələdiyyə üzvlüyünə namizədlər Mürsəl Eminov və Aysel Əlizadə çıxış edərək vurğuladılar ki, tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif amillərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Cənab Prezidentin həyata keçirdiyi siyasi xətlə cəmiyyətimizdə demokratik ənənələr daha da möhkəmləndirilib. İnamla deyə bilərik ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP təmsilçiləri qələbə qazanacaqlar. Hər zaman dövlətimizə xalqımıza, seçicilərimizə vicdanla, ləyaqətlə xidmət etmək üçün hazırıq. Namizədlər daha sonra bütün seçiciləri 23 dekabrda keçiriləcək V çağırış bələdiyyə seçkilərində YAP-nın namizədlərinə səs verməyə dəvət etdilər.

Görüşün sonunda seçicilərin çox saylı sualları cavalandırıldı. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı.