YAP Binəqədi rayon təşkilatında Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş məlumat saatı keçirildi

Tarix: 26.08.2021


26 avqust 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında növbəti məlumat saatı keçirildi. Məlumat saatında öncə ölkə prezidenti İlham Əliyevin həftəlik keçirdiyi görüşlər, qəbullar, imzaladığı fərman və sərəncamlar haqqında məlumat verildi.

Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, Milli Olimpia Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş məlumat saatında daha sonra YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva çıxış etdi. Bildirdi ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xalqın rifahına və dövlətin inkişafına həsr olunub. Onun sözlərinə görə Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Yekunda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Mehriban xanım Əliyevanın milli maraqlara və bəşəri dəyərlərə xidmət edən fəaliyyətindən ətraflı bəhs edərək bildirdi ki, Vətənə sədaqət, milli maraqlarımıza xidmət, humanizm, xeyirxahlıq, şəfqət, mərhəmət, kübarlıq, təvəzökarlıq, zəriflik və sadəlik, Mir Cəlal kimi görkəmli bir ədib, pedaqoq və ziyalının ocağında dünyaya göz açan, Arif müəllimlə Aida xanım kimi nəsillərə örnək bir ailədə böyüyən, Heydər Əliyev və Zərifə xanım kimi bir ailəyə gəlin köçərək, bu ailənin ab-havasında püxtələşən, Heydər Əliyev kimi bir dahinin məktəbindən siyasət, idarəetmə, həyat, insanlıq dərsi öyrənən, çağdaş dünyamızın lider siyasətçilərindən  biri, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban xanımı səciyyələndirən ali keyfiyyətlərdir.

Mehriban xanım təkcə azərbaycanlılara, Azərbaycan qadınına yox, bütövlükdə dünya qadın hərakatına örnəklik nümunəsidir və o, bütün fəaliyyətilə milli maraqlarımıza xidmət etməklə, həm də dünya mədəniyyəti  xəzinəsinə töhfələr verir, bununla da bəşər mədəniyyətini zənginləşdirməklə  Azərbaycanın  timsalında  bəşəriyyətə xidmət edir.

Ramiz Göyüşov sonda görkəmli ictimai-siyasi xadim, ömrünün mənasını xalqına xidmət etməkdə görən fədakar bir dövlət adamı, prezidentimizin sədaqətli silahdaşı, qayğıkeş ana, xeyirxah və humanist  bir insan kimi Mehriban xanımı ad günü münasibətilə rayon təşkilatının kollektivi və çoxminli üzvləri adından səmimiyyətlə təbrik etdi.

      Qeyd edək ki, bu cür məlumat saatları rayon təşkilatında hər həftə təşkil edilir və müxtəlif mövzular ətrafında məruzələr dinlənilir, fikir mübadiləsi aparılır.