YAP Binəqədi rayon təşkilatında partiyanın müşahidəçiləri ilə görüş keçirildi

Tarix: 19.12.2019

18 dekabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu ilin 23 dekabrında keçiriləcək növbəti Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən müşahidəçi təyin edilmiş şəxslərlə görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qarşıdan gələn Bələdiyyə seçkiləri və partiyanın seçkilərə hazırlığı ilə bağlı ətraflı məlumat verdi. YAP tərəfindən irəli sürülən namizədlər və təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşləri müşahidəçilərin diqqətinə çatdırdı. Daha sonra müşahidəçilərin hüquq və vəzifələri barədə məlumatlardan bəhs etdi. Bildirdi ki, müşahidəçilər seçici siyahıları ilə tanış olmaq, seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək, səsvermə günü istədiyi vaxt seçki məntəqəsinə daxil olaraq prosesi izləmək, seçicilərin sayını, səsverilmiş və etibarsız hesab edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidələrinin nəticələrinin seçki komissiyasının protokolunda qeyd edilməsini tələb etmək və s. hüquqlara malikdir. Ramiz Göyüşov müşahidəçilərə bildirdi ki, seçki prosesi olduqca əhəmiyyətli bir hadisədir. Bu baxımdan onlar ayıq-sayıq olmalı, qanunun və seçicilərin hüquqlarının təminatına çalışmalıdırlar. Nizam-intizamlı olmalı, öz hüquq və vəzifələrindən irəli gələn məsələlərin həllində səmərəli və keyfiyyətlə müşahidə aparmalıdırlar. Azad, şəffaf seçki mühitinin, eləcə də seçicilərin daha rahat və sərbəst səsverməsi, müşahidəçilərin müşahidə aparması üçün lazımı bütün tədbirlərin görüldüyünə inamını ifadə etdi. Onların beynəlxalq müşahidəçilərlə eyni hüquqlara malik olduqlarını nəzərə çatdırdı.

Görüşdə həmçinin birgə maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparıldı.

Sonda müşahidəçilərə vəsiqələri təqdim edildi.