YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi

Tarix: 06.10.2021


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi. Görüşdə YAP Binəqədi rayon Təşkilatının sədri Vüsar İsmayılov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər və aidiyyatı üzrə ərazi partiya təşkilatlarının rəhbərləri iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, iqtisadi proseslərə diqqət yönəltdi. Bildirdi ki, Azərbaycan regionun aparıcı bir ölkəsi olaraq daim inkişaf edir və bu inkişaf göstəriciləri ilə bütün dünyaya nümunədir. Təbii ki, ölkəmizin çoxsaylı uğurlarının arxasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət kursu dayanır. Məhz dövlət başçısının praqmatik, düşünülmüş və uzaqgörən addımları ilə Azərbaycan bütün sahələrdə öz nüfuzunu qoruyub-saxlayır və uğurlu inkişafına davam edir. Çıxışında 44 günlük Vətən müharibəsindən bəhs edən sədr 30 ilə yaxın əsarətdə qalan tarixi torpaqlarımızın işğalda azad edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu qeyd etdi. İqtidar-xalq-ordu həmrəylinin təntənəsi kimi tarixdə misli görünməmiş zəfərə imza atdıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz ərazi bütövlüyümüz bərpa edərək xalqımıza hüdudsuz sevinc və fəxarət hisslərini yaşatdı.

Partiyanın rayon təşkilatının sədri çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, onun siyasi fəaliyyətindən, strukturundan, həyata keçiridiyi uğurlu tədbirlərdən və layihələrdən geniş söhbət açdı. O, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə ətraflı söhbət apararaq, onlara partiyanın fəaliyyətində hər zaman fəal olmağı tövsiyyə etdi. Diqqətə çatdırdı ki, YAP ölkəmizin çox çətin dövlərində yaranıb və xalqımızın istək, arzularını özündə əks etdirib. Bu gün YAP-ın fəaliyətinin dinamik inkişafı məhz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir. Bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından və orada qəbul edilən yeni qərarlardan - partiyanın yeni strukturunun formalaşdırılmasından, yeni Nizamnaməsinin qəbul olunmasından söhbət açdı.

Görüşdə çıxış edənlər YAP-a üzv olmaq istəklərinin dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin dövlətimizin və xalqımızın maraqlarına xidmət edən uğurlu siyasətinə verilən dəstəyin təzahürü olduğunu bildirdilər. Onlar YAP-a üzv olmağın mühüm bir missiya olduğunu və bu adı şərəflə daşıyacaqlarını qeyd etdilər. Ölkə başçısı cənab İlham Əliyevə daim dəstək olacaqlarını bildirdilər. Görüşdə iştirak edən gənclər isə öz çıxışlarında gələcəkdə YAP-ın həyata keçirdiyi tədbirlərdə fəal iştirak etmək arzusunda olduqlarını və öz təşəbbüskarlıqları ilə seçiləcəklərini vurğuladılar.