YAP Binəqədi rayon təşkilatında vətəndaş cəmiyyəti institutlarının rəhbərləri ilə görüş keçirildi

Tarix: 15.10.2021


14 oktyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov rayon ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının rəhbərləri ilə görüşdü.

Görüşü giriş nitqi ilə açan Vüsar İsmayılov bildirdi ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının inkişafı və uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılıb. Onlar yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətimizdə çox yüksək əhəmiyyətli mövzularla bağlı mövqelərini ortaya qoyur, cəmiyyətimizin maarifləndirilməsi kimi önəmli missiyanın öhdəsindən layiqincə gəlirlər. Bu gün vətəndaş cəmiyyətinin formalaşdırılması və aktiv fəaliyyəti dövlətimizin və xalqımızın inkişafına təkan verən amillərdəndir. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyət sferasından asılı olmayaraq ən mühüm vəzifəsi məhz gənclərimizdə, vətəndaşlarımızda vətənpərvərlik hisslərinin daha da oyadılması, yüksəldilməsidir. Xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsi zamanı qeyri-hökumət təşkilatlarının fəaliyyəti, onların ordumuza dəstəyi yüksək təqdirəlayiqdir. Vüsar İsmayılov daha sonra Vətən müharibəsinə toxumaraq qətiyyətli qələbəmizdən söz açdı. Bildirdi ki, Azərbaycanda dövlət-iqtidar-xalq-ordu həmrəyliyi bütün dünya üçün əsl nümunə oldu. Məhz bu birliyinin nəticəsində parlaq qələbə qazandıq, erməni faşizminin başını əzdik, torpaqlarımızı işğaldan azad etdik. Bu qələbəmizdə və cəmiyyətimizdə birliyin təbliğ edilməsi prosesində vətəndaş cəmiyyəti institutlarının rolunu xüsusi diqqətə çatdırdı.

Görüşdə çıxış edən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, Şəhid Anaları Xeyriyyə Mərkəzinin Binəqədi rayon şöbəsinin sədri Yetər Aboyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyinin sədri İradə Rzazadə, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova fikirlərini bölüşdülər. Çıxışçılar rəhbərlik etdikləri təşkilatların fəaliyyətindən, eləcə də dövlətimizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərdən danışdılar.

Görüşdə rayon təşkilatının sədrinə Qarabağ həqiqətlərindən bəhs edən kitab hədiyyə edildi.

Sonda xatirə şəkli çəkdirildi.