YAP Binəqədi rayon təşkilatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

Tarix: 21.02.2020

21 fevral 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi. Yığıncağın rəsmi hissəsi başlamazdan öncə rayon təşkilatının ötən ilki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Tədbiri geniş hesabat məruzəsi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2019-cu ildə həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin beynəlxalq əlaqələri daha da möhkəmlənib, ölkəmizin gələcək inkişafına və əhalinin rifahının daha da yüksəldilməsinə hədəflənmiş mühüm işlər görülüb. Ramiz Göyüşov daha sonra rayon təşkilatı tərəfindən görülən işlərdən, keçirilən çoxsaylı tədbirlərdən danışıb. Partiya üzvləri və ilk partiya təşkilatları ilə əlaqələrin daha sıx qurulması istiqamətində görüşlərin keçirildiyini vurğuladı. Partiyaya üzvlükdə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verildiyini və ötən il üzvlərin sayının 415 nəfər artaraq 15944 nəfərə çatdığını qeyd etdi. Hesabat dövründə ölkəmizdə keçirilən V çağırış Bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə qurulmasından və partiyanın möhtəşəm qələbəsindən bəhs etdi. Ötən ilin dekabr ayının 5-də ölkə Prezidentinin Sərəncamına əsasən Milli Məclisə növbədənkənar VI çağırış seçkilərə start verildiyini və rayon təşkilatı tərəfindən təsdiq edilmiş Fəaliyyət Planına diqqət yönəltdi. Hesabat məruzəsindən sonra 2020-ci ilin I yarımilliyi ərzində görüləcək işlərlə bağlı məlumat verdi.

Hesabat iclasında çıxış edən YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov partiyanın tarixi keçmişi və bu günkü uğurları haqqında danışdı. Yarandığı bir gündən dövlətimizin və xalqımızın maraqlarını, ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq çoxsaylı uğurlara imza atdığını söylədi. Bu gün partiyanın dünyanın bir sıra iqtidar və nüfuzlu siyasi partiyaları ilə ikitərəfli münasibətlər qurduğunu və beynəlxalq əlaqələrini daha da möhkəmləndirdiyini bildirdi. YAP-ın dünənin, bu günün və sabahın partiyası olaraq gələcəkdə də möhtəşəm qələbələr qazanacağına əminliyini bildirdi. Ötən ildə keçirilən Bələdiyyə seçkilərinə və digər seçkilərin nəticələrinə toxunaraq xalqımızın bu partiyanın namizədlərinə hər zaman etimad göstərdiyini vurğuladı. Bunun məhz dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin nüfuzu və gördüyü işlərin nəticəsi olduğunu söylədi. Xalq-iqtidar həmrəyliyinin hər ötən gün daha da möhkəmləndiyini diqqətə çatdırdı. Eldar İbrahimov YAP Binəqədi rayon təşkilatının hesabat məruzəsi ətrafında fikirlərini bölüşərək kifayət qədər məhsuldar və səmərəli fəaliyyət göstərdiyini qeyd etdi.

YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü Kamaləddin Qafarov çıxışında ölkəmizdə bütün sahələrdə uğurlara və irəliləyişlərə nail olunduğunu söylədi. Milli Məclisin buraxılması və növbədənkənar seçkiləin keçirilməsini ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsi olduğunu bildirdi. Azərbaycan demokratiya yolunda uğurla irəliləyir və hakimiyyətin bütün qollarında yeniləşmə, müasirləşmə, kadr islahatları məhz bu islahatların mühüm tərkib hissəsidir. Millət vəkili YAP Binəqədi rayon təşkilatının tədbirlərində mütəmadi olaraq iştirak etdiyini və ötən fəaliyyət dövrünündə görülən işlərin təqdirəlayiq olduğunu söylədi.

Hesabat iclasında YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev uğurlu gənclər siyasətindən, gənclərə göstərilən etimaddan, rayon təşkilatının Gənclər Birliyi tərəfindən görülən işlərdən, Binəqədi rayonu 306 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, YAP fəalı Gültəkin Ədilova isə təhsilin inkişafına dövlət qayğısından və Bələdiyyə və Milli Məclisə seçkilərdə YAP-ın qələbəsindən danışdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü İlqar Süleymanov çıxışında ölkəmizdəki ictimai-siyasi sabitlikdən və görülən işlərdən danışdı. Dövlət başçısı İlham Əliyevin xalqın maraqlarından irəli gələn siyasi kursunun tam dəstəkləndiyini və bunun bariz nümunəsi kimi partiya sıralarının günbəgün artdığını söylədi. Həmçinin rayon icra hakimiyyəti ilə YAP Binəqədi rayon təşkilatının birgə keçirdiyi tədbirlərdən bəhs etdi. YAP Binəqədi rayon təşkilatının fəaliyyətinin uğurlu olduğunu bildirərək rayon təşkilatının 2019-cu ildəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğuladı.

Yığıncağın rəsmi hissəsi bitdikdən sonra YAP Binəqədi rayon təşkilatının fəaliyyətində fəal iştirak edən bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edildi, rayon təşkilatı sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqəsi təqdim edildi.