YAP Binəqədi rayon təşkilatının kollektivi “İstiqlal bəyannaməsi” abidəsini və İstiqlal Muzeyini ziyarət ediblər

Tarix: 27.05.2021


26 may 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi 28 May Respublika Günü ilə əlaqədar Bakının Səbail rayonu ərazisində yerləşən İstiqlaliyyət küçəsində ucaldılmış “İstiqlal bəyannaməsi” abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyub.

Qeyd edək ki, "İstiqlal bəyannaməsi" abidəsi AMEA-nın Əlyazmalar İnstitutu ilə İqtisad Universiteti arasındakı ərazidə ucaldılıb. "İstiqlal bəyannaməsi" 1918-ci ildə məhz hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada - keçmiş "İsmailiyyə"də imzalanıb. 2007-ci il mayın 25-də prezident İlham Əliyevin iştirakı ilə açılış olub.

Qranitdən və ağ mərmərdən yonulmuş abidə üzərinə dövlət gerbi, 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın əlifbası ilə həkk olunub.

Daha sonra təşkilatın kollektivi Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı Azərbaycan İstiqlal Muzeyində olublar. Ekskursiya zamanı iştirakçılara məlumat verilib ki, muzey 1991-ci il yanvarın 9-da yaradılıb. Hazırda muzeydə 22000-dən çox eksponat saxlanılır. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir: Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında Azərbaycan xanlıqlarına aid eksponatlar, tarixi şəkillər, xanlıqların bayraqları, eyni zamanda Şimali və Cənubi Azərbaycana həsr edilmiş zallarda həmin dövrlərə aid eksponatlar, tarixi şəxsiyyətlərimizə və azərbaycanlı siyasi mühacirlərə aid guşələr, Əli Bəy Hüseynzadənin skripkası, iş masası, Böyük Vətən Müharibəsinə, Qarabağ hadisələri, 20 Yanvar faciəsi və Xocalı soyqırımına aid tarixi əşyalar nümayiş etdirilir. Muzeyin sonuncu zalı müasir Azərbaycana həsr olunub, burada ulu öndər Heydər Əliyevin və dövlət başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətini və islahatlarını özündə əks etdirən əşyalar, təqdim edilir.

İştirakçılar ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.