YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ərazi partiya təşkilatlarının sədrləri ilə görüşdü

Tarix: 08.04.2022

07 aprel 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 28 May qəsəbəsi,  8-ci küçə, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 3, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi 10 ünvanlı ərazi partiya təşkilatlarının üzvləri ilə görüş keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə üzrə nümayəndəsi Fərid Cəfərov, 28 May qəsəbəsi, 8-ci küçə ünvanlı ərazi partiya təşkilatının sədri, 306 nömrəli tam orta məktəbin direktoru Gültəkin Ədilova,  Xocasən qəsəbəsi, H.Sultanov küçəsi 10 ünvanlı ərazi partiya təşkilatının sədri, 103 nömrəli tam orta məktəbin direktoru Səma Həziyeva, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanlı ərazi partiya təşkilatının sədri, 313 nömrəli tam orta məktəbin direktoru Zakir Bayramov, 217 nömrəli tam orta məktəbin direktor əvəzi Lətifə Cəlilova, 314 nömrəli tam orta məktəbin direktor əvəzi Tural Hətəmov, Yeni yaşayış massivi ünvanlı ərazi partiya təşkilatının sədri, 314 nömrəli tam orta məktəbin direktor müavini Sara Babayeva və ərazi partiya təşkilatlarının üzvləri iştirak etdilər.

28 May qəsəbəsi, 8-ci küçə ünvanlı ərazi partiya təşkilatının sədri, 306 nömrəli tam orta məktəbin direktoru Gültəkin Ədilova görüşdə giriş nitqi ilə çıxış edərək qonaqları və bütün partiya üzvlərini salamladı. O, sədrlik etdiyi ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, təşkilat partiyanın Mərkəzi Aparatının rəhbərliyinin, eləcə də rayon təşkilatının tapşırıq və tövsiyyələrinə uyğun olaraq fəaliyyətini qurub. Ərazi partiya təşkilatının üzvləri arasında sıx ünsiyyətin və qarşılıqlı maraq doğuran məsələlərin həlli ilə bağlı mütəmadi fikir mübadiləsinin aparıldığını diqqətə çatdırdı.

Daha sonra Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi ünvanlı ərazi partiya təşkilatının sədri, 314 nömrəli tam orta məktəbin direktor müavini Sara Babayeva çıxış edərək ərazi partiya təşkilatının ötən hesabat-seçki yığıncağından ötən müddət ərzində gördüyü işlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə məlumat verdi. O, təşkilatın üzvlərinin aktiv fəaliyyətini diqqətə çatdıraraq partiyanın inkişafı və uğurlu fəaliyyəti üçün bundan sonra da səylə çalışacaqlarını söylədi.

Görüşdə yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün partiya üzvlərini salamlayaraq onlarla keçirilən mütəmadi görüşlərin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, rayon təşkilatının müvafiq Fəaliyyət Planında ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlərin keçirilməsi, onların fikir və təkliflərinin dinlənilməsi xüsusi yer tutur. Bu baxımdan yerlərdə görüşlərimiz bundan sonra da davam edəcək. Vüsar İsmayılov partiyanın sonuncu, VII qurultayının yekunları barədə ətraflı məlumat verdi, yeni qəbul edilən qərarların və struktur dəyişikliklərinin partiyanın gələcək inkişafına hədəfləndiyini və bu islahatların uğurlu nəticələrinin artıq özünü göstərdiyini bildirdi. Rayon təşkilatı da partiyanın həyata keçirdiyi islahatlardan maksimum yararlanaraq partiya üzvləri ilə əlaqələrin daha sıx və operatiov qurulması istiqamətində öz fəaliyyətini bundan sonra uğurla davam etdirəcək. Partiya üzvləri  daha da fəal olmalı, verilən tapşırıq və tövsiyyələrin həllinə məsuliyyətlə yanaşmalıdır. Sədrin sözlərinə görə bu gün müasir dünyamızda informasiya- kommunikasiya vasitələrinin rolu olduqca böyükdür. Partiya üzvləri bu imkanlardan səmərəli və faydalı istifadə edərək dövlət başçısının və partiyamızın fəaliyyətinin işıqlandırılmasında, təbliğ edilməsində fəallıq göstərməlidir. Çıxışında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin hər bir azərbaycanlıda sonsuz qürur və sevinc yaratdığını vurğuladı. Ölkəmizin bundan sonra da uğurla və inamla addımlayacağına, daha yüksək müvəffəqiyyətlərə nail olacağına əminliyini ifadə etdi.

Görüşün sonunda partiya üzvləri ilə fikir mübadiləsi aparıldı. Bədii hissə təqdim olundu.