YAP Gəncə şəhər, Binəqədi və Nizami rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Hər qarışı Nizami Gəncəvidən söhbət açan Gəncə” adlı tədbir keçirildi

Tarix: 09.02.2021


08 fevral 2021-ci il tarixdə “Nizami Gəncəvi ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər, Binəqədi və Nizami rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Hər qarışı Nizami Gəncəvidən söhbət açan Gəncə” adlı videokonfrans formatında tədbir keçirildi.

     Tədbiri giriş nitqi ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin üzvü Naqif Həmzəyev 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi və Nizami Gəncəvi yaradıcılığı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi təkcə bizim deyil, bütün bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış, özüünəməxsus dəsti-xətti olan nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq yaradıcılığı əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamaqdadır. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə, elmə çağıran və onlara yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti var və bu yaradıcılıq bütün dünyaya təbliğ edilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev Nizami Gəncəvinin 880 illik yubileyi, eləcə də bu ali məqsədlər üçün 2021-ci ilin məhz “Nizami Gəncəvi İli” elan olunması haqqında müvafiq sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələrək ölkəmizdə silsilə tədbirlərin keçiriləcəyini bildirən Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatı tərəfindən də müvafiq fəaliyyət planının hazırlandığını və dahi şairin yaradıcılığına həsr olunmuş bir sıra tədbirlərin keçirləcəyini vurğuladı.

   YAP Binəqədi rayon təşkilatının sədri  Ramiz Göyüşov çıxışında qeyd etdi ki, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə və ədəbiyyatımıza hər zaman dövlət diqqəti və qayğısı olub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün də uğurla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyev ədəbiyyatımızın inkişafı, onun dünyaya təbliğ edilməsi və şair, yazıçılarımızın bədii irsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində olduqca mühüm islahatlar həyata keçirilir. Bildiyimiz kimi ötən 2019-cu il də ölkəmizdə “Nəsimi İli” elan edilmiş, şairin yaradıcılığına həsr olunmuş silsilə və məqsədyönlü layihələr keçirilmişdir. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması bu baxımdan çox əhəmiyyətlidir. Nizami Gəncəvi təkcə Azərbaycan üçün deyil, dünya üçün əvəzsiz yaradıcılıq mirası qoymuş şəxsiyyətdir. Bu cür şəxsiyyətlərimizi heç zaman unutmamalıyıq.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva isə nitqində bildirdi ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb və görülməkdədir. Şairin oxucunu həyata, insanlığa məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın və elmin qüdrətinə, haqqın, xeyrin qələbəsinə inam hissləri oyadır. “Nizami Gəncəvi İli” böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə növbəti bir töhfə olacaqdır.

Tədbirin gedişatında mövzuya uyğun olaraq məruzələr edən, Gəncə şəhərindən olan AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, AMEA-nın Gəncə bölməsinin elmi işçisi, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini, Prezident mükafatçısı Elnur Həsənov, AMEA-nın Gəncə bölməsinin doktorantı Təranə Verdiyeva, Nizamişünas alimlər Azad Bayramov, Əlimuxtar Muxtarov Nizami Gəncəvinin qədim Gəncə şəhərindən başlayan həyat hekayəsi və yaradıcılığı haqqında videoroliklər  və slaydlarla təqdimatlar keçirərək geniş məlumat verdi. Nizami irsinin bundan sonra araşdırılacağını diqqətə çatdırdılar.

Tədbirin sonunda Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Leyla Sərkərova, Gəncə şəhəri M.Ə.Sabir adına 5 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Aysu Hüseynova və Nizami rayonu 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvü Aytən Babaşova Nizami Gəncəvi yaradıcılığından qəzəllər səsləndirdilər.