Yaponiyada yeni daşıyıcı raket ictimaiyyətə təqdim edilib

Tarix: 18.03.2021


Martın 17-də Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) yeni ikipilləli H-III daşıyıcı raketini ictimaiyyətə təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, daşıyıcı raket Yaponiyanın cənub-qərbində yerləşən Taneqaşima kosmodromunun ərazisində yerləşdirilib. Hazırda H-III raketinin maye hidrogen yanacağı ilə doldurulması və digər texniki yoxlamalar həyata keçirilir. Yeni daşıyıcı raketin 2021-ci maliyyə ili ərzində ilk buraxılışının baş tutacağı gözlənilir.

Qeyd edək ki, H-III Yaponiyaya məxsus maye yanacaqla işləyən böyük raket daşıyıcısıdır. Onun uzunluğu 63 metrə, diametri isə 5,2 metrə bərabərdir. Yeni raketin Günəş sinxron orbitə 4 ton, geokeçici orbitə isə 6,5 tondan çox ağırlığında yük çıxaracağı gözlənilir.

Kyodo agentliyinin bildirdiyinə görə, H-III daşıyıcı raketi sələfi olan H-IIA raketindən təqribən 1,3 dəfə çox ağırlığında süni peykləri orbitə çıxaracaq. Bununla bərabər, konstruksiyada aparılmış sadələşdirmələr nəticəsində raketin hər buraxılışının dəyəri H-IIA ilə müqayisədə təqribən 50 faiz və ya 5 milyard yen (45,8 milyon dollar) ucuz başa gələcək.