Yaponiyada “Hayabusa-2” kosmik zondu üçün yeni missiya hazırlanıb

Tarix: 17.09.2020


Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) “Ryuqu” asteroidindən süxur nümunələri götürərək Yerə doğru hərəkət edən “Hayabusa-2” kosmik zondu üçün yeni missiya hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü “Yomiuri shimbun” qəzeti məlumat yayıb.

Bildirilir ki, zondun yeni missiyası təqribən 30 metr diametrində olan və Yer ilə Mars arasındakı orbitdə hərəkət edən 1998 KY26 asteroidini tədqiq etmək olacaq. “Hayabusa-2” zondunun 2031-ci ilin iyulunda bu asteroidə çataraq onun üzərinə enəcəyi və süxur nümunələri götürəcəyi gözlənilir. Bundan sonra yapon alimlərin həmin nümunələri “Ryuqu” asteroidindən götürülmüş nümunələrlə müqayisə edərək asteroidlərin təbiəti barədə yeni məlumatlar əldə edəcəyi bildirilir.

Xatırladaq ki, “Hayabusa-2” kosmik zondu 2014-cü ilin dekabrında Taneqaşima kosmodromundan “Ryuqu” asteroidinə göndərilib. 2018-ci ilin iyunundan 2019-cu ilin noyabrınadək asteroidin yerləşdiyi rayonda hərəkət edən zond iki dəfə onun səthinə enib. Həmin enişlərdən biri zamanı asteroidin üzərində xüsusi partlayış törədən zond həmin süni kraterdən süxur nümunələri götürüb.

JAXA-nın məlumatına görə, dekabrın 5-də Yerin səthindən təqribən 220 min kilometr məsafədə içərisində nümunələr olan kapsul zonddan ayrılaraq Yerə doğru hərəkət edəcək. Yerə doğru təqribən 12 saat uçan kapsul ertəsi gün Avstraliyanın qapalı Vumer zonasında Yerə düşəcək. Zond tərəfindən kapsulun fotolarının çəkilməsi də nəzərdə tutulur. Göyərtəsində kifayət qədər yanacaq olan zond isə kosmosda qalaraq, yeni missiyanı həyata keçirəcək.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio