Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib

Tarix: 25.01.2021


Yanvarın 23-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri və fəalları iştirak ediblər.

İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev iştirakçılara yığıncağın gündəliyində olan məsələlərlə bağlı məlumat verib. Qeyd edib ki, gündəlikdə iki məsələ YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatı və 2021-ci ilin I yarımilliyi üzrə Fəaliyyət Planının təqdim olunması dayanır. Gündəlikdə olan məsələlər səsverməyə qoyulduqdan sonra qəbul edildi. Daha sonra Fəsli Nəbiyev geniş hesabat məruzəsi ilə çıxış edərək, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 2020-ci il ərzində öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun qurulduğunu bildirdi.

Hesabat məruzəsi təqdim edildikdən sonra, məruzə ətrafında çıxışlara başlanıldı. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvləri İsa Bayramov, Yeganə Cavadova, çıxış edərək Gənclər Birliyinin 2020-ci ildə fəaliyyətinin qənaətbəxş olduğunu qeyd etdilər. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Gənclər Birliyinin 2020-ci ildə geniş tədbirlər keçirdiyini, xüsusilə gənclərin həm pandemiya dövründə həm də Vətən müharibəsi zamanı xüsusi fəallığını vurğuladı. Bildirdi ki, Gənclər Birliyi 2021-ci ildə öz fəaliyyətini daha da aktivləşdirməli və azad olunmuş torpaqlarımızdakı quruculuq işlərində, Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə geniş təbliğ olunmasında öz töhvəsini verməlidir.

Hesabat məruzəsi səsverməyə qoyularaq qəbul edildikdən sonra, gündəlikdə duran ikinci məsələ -YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 2021-ci ilin I yarımilliyi üzrə Fəaliyyət Planının müzakirəsi məsələsinə baxıldı. Fəaliyyət Planını təqdim edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Göyüş Göyüşov 2021-ci ilin birinci yarısında Vətən müharibəsi haqqında  və “Nizami ili” çərçivəsində daha çox tədbirlərin nəzərdə tutulduğunu vurğuladı. Fəaliyyət Planı səsverməyə qoyularaq qəbul edildi.

Sonda 2020-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc fəxri fərmanla təltif edildi. Fəxri Fərmanla təltif olunan gənclərdən Aslan Aslanov, Heydər Bayramov,Vüsalə Fətullayeva və Tacəddin Qafarov göstərilən diqqətə görə öz təşəkkürlərini bildirdilər. Hesabat yığıncağına yekun vuran YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev gəncləri daha da fəal olmağa çağırdı.