- Eldar müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur. Partiyamızın yaradılması ərəfəsində ölkəmizdə baş verən prosesləri necə xatırlayırsınız?
Bu müraciət “Səs” qəzetində dərc edildikdən sonra bütün Azərbaycan xalqı böyük ümidlə öz böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi. Ulu Öndər cavab məktubunda Azərbaycanın bütövlüyünün təhlükə qarşısında olması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi ilə bağlı ziyalıların narahatlığını bölüşərək yaranmış vəziyyəti təhlil etdi, AXC-”Müsavat” hakimiyyətinin əsl mahiyyətini, vəziyyətdən çıxış yollarını göstərdi. Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr - müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir.
Heydər Əliyevin ətrafında sağlam qüvvələrin birləşmək niyyətindən təşvişə düşən o dövrkü iqtidar oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr Muxtar Respublika Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin, Rabitə İdarəsinin, şəhər elektrik şəbəkəsinin binalarını zəbt edib Muxtar Respublika hakimiyyəti əleyhinə bəyanat verdilər. Lakin Heydər Əliyevi sevən insanlar ayağa qalxıb, hamı bir nəfər kimi Onu müdafiə etdi. Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar piyada Naxçıvan şəhərinə yürüş etdilər. Qısa bir vaxtda 50 mindən çox adam Heydər Əliyevi müdafiə etmək üçün Ali Məclis binasının qarşısına gəldi. Xalq Cəbhəsinin silahlıları parlament binasına hücum etməkdən çəkindilər. Bakıda hazırlanmış xüsusi dəstə Naxçıvana gəlməyə cəsarət etmədi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı.
Bu hadisə əsl dövlət çevrilişinə cəhd idi. Lakin xalq öz böyük oğlunu qorudu. Sonralar, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Ulu Öndərə qarşı silahlı müxalifət tərəfindən belə uğursuz cəhdlər olacaqdı. Ancaq xalq yenə də öz müdrik rəhbəri ilə birlikdə olduğunu nümayiş etdirəcəkdi.
Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab Onun böyük məsuliyyəti Öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ulu Öndərin o zamankı mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, Onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.
O dövrkü iqtidar - AXC-”Müsavat” hakimiyyəti Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədi. Konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Təşəbbüs qruplarının 550-dən çox nümayəndəsinin iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi. Təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
- Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan dövlətinin və xalqının həyatında nə kimi rol oynadı?
Yeni yaranmış partiyanın bəyanatında bildirilirdi ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivil, demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir.
Müxalifət partiyası kimi yaranmasına baxmayaraq, YAP öz fəaliyyətində milli maraqları hər şeydən üstün tuturdu. Bu barədə ölkə Prezidenti İlham Əliyev partiyanın 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə belə demişdi: “Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır... Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik”.
Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası tezliklə təşkilatlandı. Ulu Öndərin adı ilə bağlı olan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi.
1993-cü ilin iyun ayında Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur. Ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyev bildirib: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında dövlət müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir. Partiyanın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş müzakirə olunaraq o dövrkü siyasi reallıqlara uyğun müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Təşkilatın strateji xətti təsbit edildi: dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması, ölkədə demokratik, hüquqi dövlət quruculuğu. Qurultayda o vaxt ARDNŞ-nin birinci vitse-prezidenti olan cənab İlham Əliyev partiyanın Sədr müavini seçildi.
Ötən illər ərzində partiya sıralarında siyasətçilərin yeni nəsli yetişdi. 2000-ci il parlament seçkilərində cənab İlham Əliyev YAP seçki kampaniyasına rəhbərlik edirdi və noyabr ayında Milli Məclisə keçirilən seçkilərdə partiya böyük uğur qazanaraq parlamentdə böyük üstünlük əldə etdi.
YAP-ın 2001-ci il noyabrın 21-də keçirilən II qurultayında da təşkilat üçün taleyüklü qərarlar qəbul edildi. Partiyanın Nizamnaməsinə dəyişikliklər edildi və yeni təsis olunmuş Sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçildi.
- Bu gün Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır. Əldə olunan nəticələr, uğurlar barədə fikirlərinizi bilmək istərdik…
YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir. Bu gün Azərbaycanın möhtəşəm inkişafı prosesində partiyamızın üzvləri yaxından iştirak edirlər. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır. Hazırda partiyamızın üzvlərinin 750 min nəfərə yaxın olması da bu faktı təsdiqləyir.
- Eldar müəllim, dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə şansını necə dəyərləndirirsiniz?
- Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Bu reallığı ötən illərin təcrübəsi də əyani şəkildə təsdiqləyir. Hazırda da partiyamız bələdiyyə seçkiləri kampaniyasında fəal iştirak edir. Bildiyiniz kimi, partiyamız tərəfindən yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürülüb və namizədlərin qeydiyyata alınması prosesi davam edir.
Bu seçkilərdə də YAP tərəfindən laqyiqli namizədlər irəli sürülüb. Xüsusilə qeyd edim ki, bu prosesdə gənclərə və qadınlara da üstünlük verilib. Təqdirəlayiq haldır ki, gənclərin və qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi artır.
Bir sözlə, hesab edirəm ki, partiyamız qarşıdan gələn bələdiyyə seçkilərində xalqın güclü dəstəyi nəticəsində parlaq qələbə qazanacaq. Və YAP üzvləri növbəti beş il ərzində də bələdiyyələrin inkişafında və yerli məsələlərin həllində fəal iştirak edəcəklər.
yap.org.az