Yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günümüzün zərurətidir

Tarix: 02.12.2019

   Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

- Əli müəllim, bugünlərdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Azərbaycan parlamentinin buraxılması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü necə şərh edərdiniz?

- Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təşəbbüsü  bir neçə gündür ki, cəmiyyətdə geniş müzakirə olunur. Qeyd etməliyəm ki, müzakirələr çox pozitivdir. Bu onu göstərir ki, Yeni Azərbaycan Partiyasının bu təşəbbüsü həm də ictimai fikrə söykənir. Artıq məsələ ilə əlaqədar Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar parlament rəhbərliyinə  müraciət edib və məsələ bu gün parlamentdə müzakirə olunacaq.

İlk növbədə onu qeyd etmək istəyirəm ki, 2018-ci il prezident seçkilərində cənab İlham Əliyev yenidən xalqın böyük etimadını qazandı və bundan sonra ölkədə islahatların keyfiyyətcə yeni mərhələsi başladı. Bu islahatlar həm dövlət idarəetməsini əhatə etdi, şəffaf, müasir idarəetmə ilə bağlı qərarlar verildi. Bu gün birmənalı demək olar ki, Azərbaycanda cənab Prezidentin həyata keçirdiyi bu islahatlar öz mahiyyətinə görə postsovet və Şərqi Avropa ölkələrini qabaqlayıb. Faktiki olaraq qarşıya qoyulan məqsəd Azərbaycanı dünyanın ən müasir ölkələri sırasına çıxarmaqdır və bu müasirlik həm idarəetmədə, həm korrupsiyaya qarşı mübarizədə, həm vətəndaş-məmur münasibətində, həm iqtisadiyyatın yeni müasir qaydalarla idarə olunmasında və eyni zamanda ölkənin sosial rifahında, əhaliyə göstərilən sosial qayğıda özünü göstərir.


Bu islahatlar ilk növbədə özünü icra strukturlarında aparılan struktur islahatları, yeni Nazirlər Kabinetinin formalaşdırılması, peşəkar insanların, idarəçilik sahəsində formalaşmış şəxslərin müxtəlif vəzifələrə təyin olunmasında idi. Eyni zamanda, bilirsiniz ki, dövlətimizin başçısı bu ilin aprel ayında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Çünki məhkəmə sistemində həyata keçirilən islahatlar təbii ki, iqtisadi islahatlara dəstək olmalıdır.

Onu da qeyd etməliyəm ki, bütün bu illər ərzində Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyi Azərbaycan parlamenti daim cənab Prezidentin həyata keçirdiyi islahatlara qanunvericilik dəstəyi verib. Bu, qanunların qəbulunda daim özünü göstərib. Eyni zamanda, parlamentdə təmsil olunan bitərəf deputatlar da əsas etibarilə dövlət başçısının siyasətini dəstəkləmişlər.

Həmçinin, ötən dövrdə parlamentdə nizam-intizam gücləndirilib, 2016-cı ildə Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumdan sonra deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub. Və son illər parlamentarilərin davranışlarında da çox pozitiv meyllər müşahidə olunmaqdadır. Amma bütün bunlarla yanaşı müəyyən yeniliklərə ehtiyac var.

- Bu yeniliklər nədən ibarətdir? Sizcə, parlament islahatları Milli Məclisin qanunvericilik sahəsində daha keyfiyyətli fəaliyyət göstərməsinə nə dərəcədə təsir göstərəcək?

- Etiraf etməliyik ki, bu gün parlament üzvlərinin həm qanunvericilik sahəsində, həm də islahatlara ictimai-siyasi dəstək vermək baxımından yenilənməsinə ehtiyac var.  Xüsusi vurğulamaq istəyirəm ki, cənab Prezidentin məhz parlament üzvü olan şəxslərin icra strukturlarında rəhbər vəzifələrə təyin olunması da dövlət başçısının parlamentə göstərdiyi etimadın bir formasıdır.

Amma biz görürük ki, qanunvericilik prosesinin çox böyük hissəsi qanunvericilik təşəbbüsü subyekti kimi məhz cənab Prezidentin öhdəsinə düşmüş olur. Bu baxımdan, hesab edirəm ki, parlament qanunların hazırlanması prosesində daha aktivlik nümayiş etdirməlidir. Sözsüz ki, Milli Məclisdə cəmiyyətimizi, ictimaiyyətimizi təmsil edən bir çox nüfuzlu şəxslər var. Onlar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini özündə ehtiva edirlər, həm gənclər, həm yaşlı nəslin nümayəndələri var. Müxtəlif sahələrin insanları var ki,  səhiyyə, sosial, elm və s.sahədə çox yaxşı tanınırlar. Amma peşəkar hüquqşünasların, iqtisadçıların, xüsusilə yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günün zərurətidir. Bu baxımdan, mən hakim partiyanın məlum qərarını alqışlayıram.

Bilirsiniz ki, YAP seçkilərə həmişə uğurlu namizədlərlə gedib və məhz buna görə partiya daim seçkilərdə qalib gəlib. Amma YAP-ın bu qərarı nümunəvi bir siyasi mədəniyyətdir. Partiya növbəti seçkilərə getmək iddiasını ortaya qoymaqla həm özünə əminliyini nümayiş etdirir, həm də keyfiyyətcə yeni tələblərə cavab verən,  təbii ki,  həm indiki deputat korpusunda təmsil olunan, həm də partiya üzvləri olaraq digər orqanlarda çalışan insanların bu prosesə cəlb olunması ilə töhvə vermək niyyətindədir. Mən əminəm ki, YAP-ın bu qərarı parlament tərəfindən dəstəklənəcək. Məlumat üçün deyə bilərəm ki, bitərəflər də bu məsələdə öz müsbət fikirlərini bildiriblər.

- Bu məsələnin hüquqi baxımdan həlli qaydaları haqqında nə deyə bilərsiniz?

- Hüquq baxımdan 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda çox vacib məsələ həllini tapdı. Əgər o vaxta qədər yalnız parlamentin Prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyəti var idisə, referendumdan sonra Konstitusiyada Prezidentin də parlamenti buraxmaq səlahiyyəti təsbit olundu. Beləliklə, ədalətli balans yarandı. Əsas Qanunun 98-ci maddəsi qeyd edir ki, hansı hallarda Prezident Milli  Məclisi buraxa bilər. Onu qeyd edim ki, bu, Prezidentin müstəsna səlahiyyətidir, hüququdur.


İndiki vəziyyətdə isə Milli Məclisdə YAP-ı təmsil edən deputatlar parlamentin buraxılması ilə bağlı müraciət qəbul ediblər. Bu addım islahatlara dəstək vermək məqsədi və xalqın etimadını yenidən qazanmaq mənasını daşıyır.

Milli Məclis də Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsinə əsaslanaraq zəruri bildiyi məsələlərə dair qərarlar qəbul etməlidir. Əgər çoxluq belə bir müraciət edibsə, demək ki,  bu zəruri haldır və Milli Məclis həmin məsələyə baxıb öz qərarını qəbul edəcək. Əlbəttə ki, belə bir qərar qəbul olunarsa, növbəti mərhələdə cənab Prezident Konstitusiyanın 109-cu və 98-ci maddəsinə, o cümlədən Seçki Məcəlləsinin 145-ci maddəsinə istinadən seçkiləri təyin etmək səlahiyyətinə malikdir.

Hesab edirəm ki, bu hadisə bizim parlamentarizm tarixində ilk dəfə baş versə də, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyət nümayiş etdirməsi baxımından çox mütərəqqi haldır. Partiya özü islahatların önündə gedir, islahatları həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədridir. Müxtəlif vəzifələrə təyin olunan kadrların böyük əksəriyyəti YAP üzvləridir və əminəm ki, YAP-ın irəli sürəcəyi yeni namizədləri xalqımız dəstəkləyəcək. Ümidvarıq ki, bu namizədlər peşəkar siyasi xadimlər, hüquqşünaslar və iqtisadçılar olacaqlar,

Bu situasiya təbiidir və günün tələbidir. Heç bir halda bizim opponentlərimiz burada hansısa bir siyasi problemlərin olması ilə bağlı  arqumentlərə söykənməməlidirlər. Azərbaycanda iqtidar-xalq birliyi mövcuddur və bu birliyə söykənərək YAP Siyasi Şurası belə bir qərar qəbul edib.

- Əli müəllim, radikal müxalifətin nümayəndələri bu məsələ ilə bağlı müxtəlif iddialarla çıxış edirlər. Buna münasibətiniz necədir?

- Bu iddiaların nə indi, nə keçmişdə, nə də gələcəkdə heç bir əsası ola bilməz. Onlar iddia edirlər ki, guya bu addım parlament seçkilərini saxtalaşdırmaq məqsədi daşıyır və s. Müxalifətin nəzərinə çatdırım ki,    Yeni Azərbaycan Partiyasının seçkiləri saxtaşalaşdırmağa ehtiyacı yoxdur. Seçkilər zamanında, yəni 1992-ci ildə AXC-Müsavat cütlüyü seçkilər keçirəndə saxtalaşdırılmışdı. Ondan sonra keçirilən bütün seçkilərdə xalqımız Ulu Öndər Heydər Əliyevin siyasətinə, bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verib.

Yeni Azərbaycan Partiyasının rəhbəri ölkə Prezidentidir və ölkə Prezidentinin həyata keçirdiyi islahatları xalq, ictimaiyyət dəstəkləyir. İnsanlar bilirlər ki, bu siyasətin icra olunmasında istirak edənlər də məhz Yeni Azərbaycan Partiyasının üzvləridir. Biz bu qərarı qəbul etməklə həm də əminliyimizi nümayiş etdiririk. Əgər Yeni Azərbaycan Partiyası əmin olmasaydı, bu mərhələdə bu addımı da atmazdı. Partiyamız üçün istənilən bir dövrdə seçki prosesində iştirak etmək həm asandır, həm də şərəfdir. Sadəcə, yeni seçkilər əlbəttə ki, YAP-ın parlamentdə təmsil olunmuş və uğurla fəaliyyət göstərmiş insanlarını həm yenidən parlamentdə görmək iradəsini ortaya qoyur, eyni zamanda ənənəvi olaraq sıralarının gəncləşdirilməsi, həmçinin bu seçkilərdən istifadə edərək hüquq, iqtisadiyyat, sosial, politologiya sahəsində daha peşəkar insanların namizədliyinin irəli sürülməsidir.

Əminəm ki, parlament bütövlükdə bu qərarı dəstəkləyəcək və yeni parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də qalib gələcək. Sadəcə olaraq, hazırda  parlament üzvlüyünə namizədlərin seçimində günün tələbi, cəmiyyətin çağırışları daha ciddidir. Məhz bu çağırışlara adekvat  olaraq   bu addım atılıb.


yap.org.az