Azərbaycan ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Tarix: 04.12.2019

Dekabrın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin VI iclası işə başlayıb.

Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov iclasda çıxış edərək, ECO ölkələrinin böyük potensiala malik olduğunu deyib. Azərbaycanda aqrar sahəyə dövlət tərəfindən hərtərəfli dəstək göstərildiyini vurğulayan İnam Kərimov bildirib ki, ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. VI iclasın regional tərəfdaşlığa yeni dəyərlər gətirəcəyini deyən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov təşkilata üzv olan ölkələrin öz imkanlarını birləşdirmələrinin vacibliyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüldüyünü deyən İnam Kərimov qeyd edib ki, Mərkəzin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumlar və ya mərkəzlər sıx əməkdaşlıq edəcəklər.

ECO-nun Baş katibinin müavini Seyid Yahya Əxlaqi Bakı iclasında iştirak etməkdən şərəf duyduğunu bildirib. O, ECO-ya üzv olan ölkələr arasında ticarətin inkişaf etdirilməsi sahəsində əsasən kənd təsərrüfatı və qida səneysinə üstünlük verildiyini deyib. Vurğulayıb ki, ölkələr bu sahədə öz potensiallarından tam istifadə etmirlər. ECO ölkələrinin əhalisinin üçdəbirinin kənd təsərrüfatı ilə məşğul olduğunu qeyd edən Baş katibin müavini deyib ki, aqrar sektorun ÜDM-də payı 10 faizdən aşağıdır. “ECO regional təşkilat olaraq qida təhlükəsizliyini əsas prioritet kimi müəyyən edib. FAO ilə birgə Regional Qida Təhlükəsizliyi proqramını həyata keçiririk. Bu, sözügedən sahə üzrə əsas layihəmizdir”, - deyə S.Y.Əxlaqi bildirib.

Sonra Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov iclasın sədri seçilib.

İclas öz işini gündəlik üzrə digər çıxışlarla davam etdirir.

 AZƏRTAC